EN

Ukraynalıların əksəriyyəti “Telegram”ın bloklanmasına qarşıdır

Kiyev, 3 mart, AZƏRTAC

Ukraynalıların əksəriyyəti ölkədə “Telegram”ın bloklanmasını dəstəkləmir, lakin onlar hüquq-mühafizə orqanları tərəfindən daha fəal nəzarətin tətbiqinin tərəfdarıdırlar.

Bu barədə AZƏRTAC “Rating Group” sosial araşdırma qrupunun sorğusunun nəticələrinə istinadla xəbər verir.

Məlumata görə, respondentlərin 76 faizi Ukraynada “Telegram”ın tam bloklanmasına qarşıdır.

Respondentlərin əksəriyyəti messencer üzərində hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsini dəstəkləyir, 41 faiz ukraynalı isə buna qarşıdır.

Sorğuda iştirak edənlərin messencerin milli təhlükəsizliyə təsiri ilə bağlı fikirləri fərqlənir. Belə ki, ukraynalıların təxminən üçdə biri heç bir təsirin olmadığını düşünür, daha dörddə biri isə cavab verməkdə çətinlik çəkib.

Eyni zamanda, respondentlərin 28 faizi “Telegram”ın milli təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib.

Sorğuda iştirak edənlərin 72 faizi hesab edir ki, messencer onların şəxsi təhlükəsizliyinə heç bir təsir göstərmir. Yalnız 8 faiz “Telegram”dan istifadənin onların təhlükəsizliyinə mənfi təsir etdiyini, 15 faiz isə müsbət təsir göstərdiyini deyib.

Xatırladaq ki, fevralın 22-də Lvovda baş vermiş terror aktından və bunun nəticəsində polis əməkdaşının həlak olmasından, həmçinin Nikolayev və Dneprdə partlayışlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisində “Telegram”ın bloklanmasının zəruriliyi barədə müzakirələr başlanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
14
1
azertag.az

2Sources