"Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışında Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərini, qarşıdakı dövr üçün prioritetləri və beynəlxalq əməkdaşlıq perspektivlərini aydın şəkildə təqdim edib. Azərbaycan artıq yalnız zəngin enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında fəal və etibarlı tərəfdaş kimi çıxış edir".
Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.
Deputatın sözlərinə görə, son illər həyata keçirilən ardıcıl və düşünülmüş enerji siyasəti nəticəsində Azərbaycan regionun aparıcı enerji mərkəzlərindən birinə çevrilib: “Bu siyasətin əsasında uzunmüddətli strateji baxış, milli maraqlara söykənən praqmatik yanaşma və dəyişən qlobal enerji bazarına çevik adaptasiya dayanır. Enerji infrastrukturunun modernləşdirilməsi, yeni ixrac marşrutlarının yaradılması və mövcud kəmərlərin ötürücülük qabiliyyətinin artırılması Azərbaycanın beynəlxalq enerji xəritəsində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində reallaşdırılan layihələr ölkəmizin təşəbbüskar və etibarlı tərəfdaş rolunu daha da gücləndirib. Bu dəhliz vasitəsilə Xəzər qazının Avropa bazarlarına çıxarılması təkcə iqtisadi dividendlər qazandırmır, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminində mühüm amil kimi çıxış edir. Bu gün Azərbaycan qazı bir sıra ölkələrin enerji balansında sabitləşdirici faktor rolunu oynayır”.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın 12 ölkəyə qaz tədarük etdiyini vurğulayıb: “Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici ölkəmizin beynəlxalq enerji bazarındakı rolunun ardıcıl şəkildə artdığını və enerji diplomatiyasının real nəticələr verdiyini aydın şəkildə göstərir. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə Azərbaycanın dünyada birinci yerdə qərarlaşması təsadüfi deyil. Bu illər ərzində formalaşdırılmış güclü infrastrukturun, etibarlı tərəfdaş imicinin və düşünülmüş strateji xəttin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında xüsusi vurğulamışdır ki, sonuncu dəfə qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı səsləndirilən planlar artıq reallığa çevrilib. Bu fakt bir daha göstərir ki, ölkəmizdə qəbul edilən qərarlar konkret fəaliyyət proqramına əsaslanır və qısa müddətdə praktik nəticə verir. Enerji siyasətində sözlə əməl arasında tam uyğunluq Azərbaycanın beynəlxalq arenada etimadını daha da möhkəmləndirir. Əlamətdar məqamlardan biri də qaz təchizatının artıq Avropa hüdudlarından kənara çıxmasıdır. Bu isə Azərbaycanın enerji ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xəzər qazının yeni istiqamətlərə çatdırılması ölkəmizin qlobal enerji xəritəsində mövqeyini genişləndirir, eyni zamanda beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır”.
Parlamentari onu da qeyd edib ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə töhfə verən aparıcı ölkələrdən biridir: “Qaz təchizatının coğrafiyasının genişlənməsi, yeni tərəfdaşların qoşulması və mövcud əməkdaşlığın dərinləşməsi gələcək illərdə də müsbət dinamikanın davam edəcəyini deməyə əsas verir. Enerji sahəsində əldə olunan uğurlar nəqliyyat, logistika, sənaye və yaşıl enerji layihələri kimi digər istiqamətlərdə də yeni imkanlar açır. Beləliklə, Azərbaycan enerji resurslarının ixracı ilə yanaşı, regional əməkdaşlıq platformalarının təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış edərək qlobal iqtisadi sistemdə mövqelərini daha da möhkəmləndirir”.
Cavanşir ABBASLI
Musavat.com