EN

Ən yaxın müttəfiqləri də İranı döyüş meydanında tək buraxdı - 12 günlük müharibə ssenarisi...

Son günlərdə ABŞ və İsrailin İran üzərinə genişmiqyaslı hücumları fonunda Tehranın müttəfiqlərı sayılan ölkələrdən gözlədiyi dəstəyi nə üçünala bilməməsi bir daha gündəmə gəlib. Cənub qonşumuz aylar öncəki 12 günlük savaşda da eyni taleyi yaşamışdı...

Rusiya və Çin niyə yalnız simvolik bəyanatlarla kifayətlənir və eskalasiyanı qlobal müharibəyə çevirməyə cəsarət etmir?

İran müharibədə yalnız öz məhdud resurslarına güvənmək məcburiyyətindədirsə, bu resurslar ABŞ və İsrailin zərbələrinə qarşı nə dərəcədə effektiv ola bilər? Raket arsenalı və Rusiyadan alınan hərbi texnika Tehranı uzunmüddətli qarşıdurmada qoruya biləcəkmi?

ABŞ və İsrailin məqsədi İranın strateji silahlarını tükətməkdirsə, Tehran müharibəni nə qədər davam etdirə bilər? Və ən önəmlisi, tərəfdaşsız qalan İranın bölgədəki enerji təhlükəsizliyi və strateji mövqeyi necə təsirlənəcək?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yaranan çoxsaylı suallar ətrafında  Musavat.com-a danışıb. Onun sözlərinə görə, ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi hücumlara başladıqda bir çoxları İranın güclü tərəfdaşlarının - Çin və Rusiyanın müdaxilə edib-etməyəcəyini düşünürdülər: "Moskva və Pekin sadəcə, İrana qarşı hücumu pisləməklə kifayətləniblər. Hər iki dövlət qlobal müharibəyə çevrilə biləcək eskalasiyanı istəmir. Rusiya və Çin İrana hərbi dəstək verməyəcəklər. Əlbəttə, Moskva və Pekin İrandakı rejimin çökməsini və Vaşinqtonun bu ölkəni nəzarətə götürməsini istəmirlər. Ancaq Moskva və Pekin ABŞ-ı durdurmaq fikrində də deyillər. ABŞ və İsrailin ötən il İrana qarşı 12 günlük müharibəsində də Rusiya və Çin passiv mövqedə qalmışdılar. Təsadüfi deyil ki, İran Prezidenti Məsud Pezeşkian 12 günlük müharibədən sonra Rusiya və Çinin adını çəkmədən “tərəfdaşlarımız bizə dəstək vermədilər” cümləsini işlətmişdi. Pezeşkian Moskva və Pekini nəzərdə tuturdu".

Politoloq onu da qeyd edib ki, İranın bu iki ölkədən başqa tərəfdaşı yoxdur: "Rusiya prezidenti Vladimir Putin daha əvvəl İranın köməyinə gəlməyəcəyinə dair Tehranı xəbərdar etmişdi. Putin bununla demək istəmişdi ki, Rusiya İrana görə ABŞ-la qarşıdurmaya getməyəcək. Rusiya İran məsələsini heç BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmağı da israrla tələb etmir. Rusiya Ukrayna müharibəsində ilişib qalıb, başqa problemlərin həllində iştirak etmək istəmir. Buna resursları da kifayət etmir.

Çin də İrana ancaq simvolik dəstəklə kifayətlənib. Halbuki, Çin İranla 2021-ci ildə saziş imzalamışdı. Bu sazişə görə, Çin 25 il ərzində İrana 400 milyard dollar civarında yatırım qoymalı idi. Ancaq suyu üfürə-üfürə içən Çin İrana yatırım qoymağa tələsmədi. Çünki Pekin anlayırdı ki, İran uranın zənginləşdirməsi siyasətini davam etdirdikcə, bu ölkəyə qarşı müharibə ehtimalı azalmayacaq. Çin isə müharibə riski ilə üzləşən dövlətə yatırım qoymaz və buna görə də həmin 400 milyard dollarlıq saziş kağız üzərində qaldı. Bu gün davam edən müharibə Çinin İrana yatırım qoymaq və Tehranla imzaladığı sazişi yerinə yetirmək ehtmalını xeyli azaldıb.

ABŞ və İsrail İrana hücum etmədən əvvəl Tehran Rusiya və Çindən müəyyən miqdarda hərbi texnika alıb. Ancaq ABŞ və İsrailin İrana endirdiyi zərbələrin ünvanlarından biri də həmin hərbi texnikanın toplandığı mərkəzlərdir. İranın əvvəlki müharibədə olduğu kimi bu dəfə də Rusiyadan aldığı hava müdafiə sistemi işə yaramadı. ABŞ və İsrail təyyarələri İranın hava məkanında rahat hərəkət edirlər.
Buna baxmayaraq, İran əlində olan raketlərlə İsrailə və ərəb ölkələrindəki ABŞ hərbi bazalarına zərbələr endirməyə müvəffəq olub. Körfəz ölkələrinin enerji mərkəzləri təhlükə altındadır. Bu isə artıq Çini narahat etməyə başlayıb. Çünki, Çin İranla yanaşı Körfəz ölkələrindən də neft alır. İran isə müharibəni qloballaşdırmağa çalışmaqla Çinin bölgənin eneji resurslarını idxal imkanlarını məhdudlaşdırır. Pekin İranın Hörmüz boğazını qapatması təşəbbüslərindən də narahatdır. Belə vəziyyətdə İran düşmənləri ilə müharibədə yalnız öz resurslarına istinad etməlidir. Məhdud hərbi resurslar isə İranın ABŞ və İsrailə qarşı müharibəni uzun müddət davam etdirməsinə kifayət etməyə də bilər. ABŞ və İsrailin məqsədi odur ki, İran müharibədə istifadə etdiyi ballistik raketləri tükəndirsin və Tehranın müharibəni davam etdirməyə gücü qalmasın".

Cavanşir Abbaslı
Musavat.com

Chosen
19
6
musavat.com

9Sources