EN

İllərin ənənəsinin şüuraltı təsiri İnanmasaq da, hamı edir

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Novruz bayramı ərəfəsində keçirilən çərşənbə ritualları və fallar cəmiyyətimizdə geniş yayılıb. Bir çox insan buna inanmasa da, ənənə olaraq icra edir. Bu davranışlar yalnız mədəni adət deyil, həm də psixoloji təsirə malikdir. İnsanlar bu mərasimlər vasitəsilə həm ümidlərini gücləndirir, həm də daxili rahatlıq tapır. Bəs bu rituallar psixoloji baxımdan insana necə təsir edir?Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, tarixdən bizə qalan və şüuraltımızda formalaşmış arxetiplər var:"Bunlara müxtəlif rituallar daxildir. Məsələn, şam yandırmaq, oddan tullanmaq və digər ənənələr bu qəbildəndir. Əslində, bunların kökündə ritualla yanaşı inanc dayanır. İnanc bayramı gözəlləşdirmək üçün bir vasitədir. Bu, bayramı daha mənalı və maraqlı edən xüsusi ənənədir. Digər tərəfdən, şüurumuzda və tarixdən bizə keçən inanclar da mövcuddur.Düşünürəm ki, bu ənənələrin qorunması və davam etdirilməsi normaldır. Keçmişə bağlı qalmaq və adətləri yaşatmaq mədəni dəyərdir. Bu ritualların bizi xoşbəxt etməsinin səbəbi isə onların bayram və istirahət ruhuna uyğun olmasıdır".Psixoloq deyib ki, bu məqam insanın daxili uşaqlıq hissini üzə çıxarır."Hər kəsin daxilində bu hiss var və rituallar onu ön plana çıxarır. Bu da insana müəyyən müddət ərzində xoşbəxtlik hissi verir. Bayramlarda və tətillərdə insanlar sanki uşaqlaşır, keçmişinə qayıdır. Hər birimiz alova baxanda, bayram süfrəsi quranda keçmişimizi, ailəmizi və uşaqlığımızı xatırlayırıq. Bu xatirələr bizə həm sevinc, həm də həyəcan hissi verir.Əsas məsələ insanların buna inanıb-inanmaması deyil, inancın özüdür. İnsan hansı dəyərə inanırsa inansın, hər kəs üçün inanc vacibdir. İnanc insanı həyata bağlayır. İnsan nə qədər inanclıdırsa, bir o qədər ümidli olur və ruh düşkünlüyünə daha az meyilli olur", - deyə psixoloq bildirib.Çərşənbə ritualları sadəcə keçmişdən gələn adət-ənənə deyil, həm də cəmiyyətin kollektiv yaddaşını və mənəvi tarazlığını qoruyan mühüm amildir. Bu mərasimlər insanlara gündəlik qayğılardan uzaqlaşmaq, uşaqlıq xatirələrinə qayıtmaq və gələcəyə daha ümidlə baxmaq imkanı yaradır. Psixoloji baxımdan bu cür inanclar fərdin daxili dünyasında bir növ "təhlükəsizlik zonası" formalaşdırır və onu gərginlikdən azad edir. Beləliklə, minilliklərin sınağından çıxmış bu rituallar müasir dövrdə də öz aktuallığını saxlayaraq insanların ruh yüksəkliyini təmin edən əsas vasitələrdən biri kimi çıxış edir.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
2
demokrat.az

3Sources