Avropadakı qaz ehtiyatları 2022-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Qatar-ın mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırması, bu ölkədən az həcmdə qaz alınmasına baxmayaraq, qiymətlərin kəskin artmasına səbəb olub.
Editor.az Financial Times nəşrinə istinadən xəbər verir ki, Avropada qaz anbarlarındakı ehtiyatlar 2022-ci ildən bəri ən aşağı səviyyəyə geriləyib. Anbarlardakı qazın tələbatın cəmi 30 faizini qarşılaması, Qətərin LNG istehsalını dayandırmasından sonra qiymətlərdə müşahidə olunan kəskin artımı qismən izah edir. Avropa Birliyi ölkələri Yaxın Şərqdə yerləşən bu dövlətdən az miqdarda qaz idxal etsələr də, bazara təsir nəzərəçarpacaq dərəcədə olub.
Bu fonda, Avropada enerji sektoru üzrə səhmlər ümumi bazar itkilərinə baxmayaraq artım nümayiş etdirib. Norveçin enerji şirkəti Equinor-un səhmləri 2,9 faiz, Aker BP-nin səhmləri 2,2 faiz, BP-nin səhmləri isə 0,7 faiz bahalaşıb. Bununla yanaşı, Shell və TotalEnergies şirkətlərinin səhmləri müvafiq olaraq 0,7 və 0,1 faiz ucuzlaşıb.
Bank sektoru isə çətinliklərlə üzləşib. Societe Generale-in səhmləri 5 faiz, Deutsche Bank-ın səhmləri isə 3,9 faiz dəyər itirib. Turizm sektoru da eniş trendini davam etdirir: otel şəbəkəsi Accor və aviaşirkət Air France-KLM-in səhmləri 5 faizdən çox ucuzlaşıb.
//Gülnarə Abasova, Editor.az