EN

İranın hakimiyyət sirri: Ali Rəhbər necə seçilir və ölkəni kim idarə edir?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Fevralın 28-də İranın Ali Rəhbəri Əli Xamenei İsrail və ABŞ-ın hərbi əməliyyatı zamanı həlak olub. Ölkənin idarə olunması üçün üç nəfərdən ibarət Rəhbərlik Şurası formalaşdırılıb. Bu qurum yeni ali lider seçilənədək fəaliyyət göstərəcək.

Globalinfo.az xəbər verir ki, 2026-cı il martın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi ali lider seçkilərinin bir-iki gün ərzində keçirilə biləcəyini istisna etməyib.

Bəs Ali Rəhbər kimdir və necə seçilir?

1979-cu ildə qəbul olunan və sonradan dəyişikliklər edilən Konstitusiyaya əsasən, İran İslam Respublikasının başçısı Ali Rəhbərdir. O, ömürlük müddətə seçilir.

Ali lider ən nüfuzlu şiə ilahiyyatçısı və islam hüquqşünası olmalı, müsəlman hüququ məsələləri üzrə fətva vermək səlahiyyətinə malik olmalıdır. O, həm dini, həm də dövlət hakimiyyəti sahəsində geniş səlahiyyətlərə sahibdir – İranın daxili və xarici siyasətini müəyyən edir, hökumətin fəaliyyətinə nəzarət edir və silahlı qüvvələrin ali baş komandanıdır.

Rəhbəri seçən xüsusi orqan Ekspertlər Şurasıdır. Bu quruma əhali tərəfindən səkkizillik müddətə seçilən təxminən 90 islam ilahiyyatçısı daxildir.

Ali lider vəfat etdikdə Ekspertlər Şurası qısa müddətdə yeni rəhbər seçməlidir. Onun seçilməsinədək Konstitusiyaya uyğun olaraq müvəqqəti Rəhbərlik Şurası çağırılır. Bu şuraya prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiyanı Qoruma Şurasının (qanunlara veto qoymaq və ali vəzifələrə namizədləri təsdiqləmək səlahiyyəti olan nəzarət orqanı) üzvlərindən biri – islam hüququ üzrə ekspert daxildir.

Martın 1-də formalaşdırılan Rəhbərlik Şurasına aşağıdakılar daxil edilib:

Prezident Məsud Pezeşkian;

Məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei;

Konstitusiyanı Qoruma Şurasının üzvü Əlirza Ərafi.

Məsud Pezeşkian

1954-cü il təvəllüdlüdür. Ürək-damar cərrahıdır. 1999-cu ildə səhiyyə nazirinin müavini, 2001-2005-ci illərdə səhiyyə və tibbi təhsil naziri olub. 2008-ci ildə ilk dəfə parlamentə seçilib, 2016-2020-ci illərdə birinci vitse-spiker vəzifəsini tutub. 2024-cü ilin iyulunda keçirilən ümumi seçkilərdə İran Prezidenti seçilib.

Qulam Hüseyn Möhseni-Ejei

1956-cı il təvəllüdlüdür, beynəlxalq hüquq üzrə magistrdir. 2005-2009-cu illərdə kəşfiyyat naziri, 2009-2014-cü illərdə baş prokuror, 2014-2021-ci illərdə məhkəmə hakimiyyəti rəhbərinin birinci müavini olub. 2021-ci ilin iyulundan İranın məhkəmə sisteminə rəhbərlik edir.

Əlirza Ərafi

1959-cu il təvəllüdlüdür. Qum şəhərində dini təhsil alıb, islam hüququ və fəlsəfə üzrə ixtisaslaşıb, müctəhid dərəcəsi alıb. 2008-2018-ci illərdə Qumdakı “Əl-Mustafa” Beynəlxalq Universitetinə rəhbərlik edib, 2016-cı ildən ruhani seminariyaların rəhbəri olub. 2019-cu ildə Konstitusiyanı Qoruma Şurasına, 2022-ci ildə isə Ekspertlər Şurasına seçilib.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
globalinfo.az

1Sources