Paris, 4 mart, AZƏRTAC
Parisdə bələdiyyə seçkiləri ərəfəsində keçirilən son sorğu siyasi qüvvələr nisbətinin aydın mənzərəsini ortaya qoyub. “ICI Paris Île-de-France” radiosu üçün “Ipsos-BVA” sorğu institutu tərəfindən keçirilən eksklüziv araşdırmaya əsasən, solçuların (“Əyilməz Fransa” istisna olmaqla) namizədi Emmanuel Qrequar birinci turda 35 faiz səslə liderdir.
AZƏRTAC xəbər verir ki, Parisin hazırki meri Ann İdalqonun sabiq birinci müavini Qrequar, sağçı mərkəzin namizədi Raşida Datini (LR, MoDem və UDI tərəfindən dəstəklənir) 27 faiz göstərici ilə geridə qoyur. Bu fərq sol düşərgənin paytaxtda hələ də güclü dayaqlara malik olduğunu göstərsə də, ikinci tur perspektivləri baxımından siyasi balans hələ dəyişkən olaraq qalır.
Sorğuya görə, “Horizons” və “Renaissance” partiyaları tərəfindən dəstəklənən Pyer-İv Burnazel sorğularda 11,5 faiz səs toplayıb. Eyni göstərici “Reconquête!” partiyasının dəstəklədiyi Sarh Knafo üçün də qeydə alınıb.
“Əyilməz Fransa” partiyası tərəfindən irəli sürülən Sofia Şikiruya etimad 10 faiz səviyyəsindədir. Tyeri Mariyaninin rəhbərlik etdiyi Milli Birlik (RN) isə cəmi 4 faizə qane olub.
Bu rəqəmlər Parisdə siyasi səhnənin parçalandığını əks etdirir. Mərkəz və sağ düşərgədə səslərin bölünməsi ikinci tur öncəsi ittifaqların həlledici rol oynayacağını göstərir.
Sorğu həm də seçicilərin əsas narahatlıqlarını üzə çıxarır. Parislilər üçün prioritet mövzular təhlükəsizlik (51 faiz), şəhərin təmizliyi (44 faiz) və mənzil məsələsidir (38 faiz). Ətraf mühit (34 faiz) və səhiyyə xidmətlərinə çıxış (22 faiz) da diqqət mərkəzindədir.
Respondentlərin 61 faizi şəhər dairəvi yolunda sürət limitinin 50 km/saatdan yenidən 70 km/saata qaldırılmasının tərəfdarıdır. Eyni zamanda 55 faiz yeni velosiped zolaqlarının salınmasını istəyir. Təhlükəsizlik məsələsində respondentlərin 57 faizi bələdiyyə polisinin silahlandırılmasını dəstəkləyir.
Hazırkı nəticələr Emmanuel Qrequar üçün əlverişli başlanğıc göstərsə də, Paris kimi çoxpartiyalı və yüksək mobilizasiyalı şəhərdə seçkinin taleyi ikinci turdakı koalisiyalardan asılı olacaq. Sağçı və mərkəz qüvvələrin vahid namizəd ətrafında birləşməsi halında fərq azala bilər.
Sorğu göstərir ki, Parislilər ideoloji mübahisələrdən çox gündəlik həyat keyfiyyətinə (təhlükəsizlik, təmizlik və mənzil) fokuslanırlar. Bu isə kampaniyanın tonunu müəyyən edəcək əsas xətt kimi görünür.