EN

“Onların İran cəmiyyətinə təsir imkanları və nüfuzları müqayisə edilsə də...”

“İran dövləti ABŞ-İsrail ittifaqının hərbi əməliyyatlarının bu ölkənin iradəsini qırmadığını, cəmiyyətinin monolitliyini pozmadığını və hakimiyyətin idarəetməni itirmədiyini göstərmək üçün tezliklə öz Konstitusiyasına uyğun şəkildə yeni Ali Rəhbərini seçməlidir. Mövcud İran Konstitusiyasına görə, bu missiyanı 88 nəfərlik Ekspertlər Şurası həyata keçirməlidir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

Onun sözlərinə görə, hazırda dünya mediasında yeni Liderin kim olacağı ilə bağlı geniş müzakirələr açılıb:

“Üzdə olan bir neçə namizədin adları sadalanaraq, onların İran cəmiyyətinə təsir imkanları və nüfuzları müqayisə edilsə də, çox vacib bir detal unudulur: bu seçimdə Konstitusiyada yazılmayan, ancaq Şiə məzhəbinin söykəndiyi və zəngin İslam tarixindən gələn bir ənənə həlledici olacaq – Liderin vəsiyyəti!Şübhəsiz ki, İslam tarixinin və hüququnun ən yaxşı bilicilərindən sayılan Ayətullah Seyid Əli Xamenei də ölümün onu hər an yaxalaya biləcəyini nəzərə alaraq, kritik situasiyada necə davranılmalı olduğu və kimlərin onun ideyalarını və missiyasını daha yaxşı davam etdirəcəyini hələ sağlığında yazılı şəkildə ən yaxın ətrafına tövsiyə və təqdim edib! Peyğəmbər (s.) soyundan olan bir Liderin öz ulu babasının – Məhəmməd Peyğəmbərin (s.) vəsiyyətinə əməl edilməməsinin İslam dünyasını 14 əsrdir hansı bəlalara düçar etdiyi faktını və eləcə də söykəndiyi “Vilayəti-fəqih” nəzəriyyəsinin zəruri əsaslarını nəzərə almadığını düşünmək sadəlövhlük olar. Hələlik yalnız onu təxmin edə bilərik ki, yeni Lider də məhz nəsil şəcərəsi Həzrəti Əliylə xanım Fatimə övladlarına bağlanan bir seyid olacaq! Bu, ölkəsinin və atasının qisasını almaq yanğısıyla qovrulan Xameneinin oğlanlarından biri – Seyid Müctəba Xamenei də ola bilər, inqilabın lideri Xomeyninin islahatçı qanadla daha yaxın olan nəvəsi Seyid Həsən Xomeyni də, digər nüfuzlu şiə məktəbinin - Nəcəf hövzəsinin lideri Sistaniylə qohumluq əlaqələrinə malik Seyid Əli Xomeyni də, Qərbə qarşı daha sərt və barışmaz mövqeyi ilə seçilən Seyid Məhəmməd Mehdi Mirbaqiri də... Və yaxud adı indiyədək heç yerdə çəkilməyən başqa bir seyid! Doğrusunu Allah bilir! Gözləyək, görək, bəs Ekspertlər Şurası kimi seçəcək?! Çünki bu seçim təkcə ABŞ və İsraillə gələcək münasibətlərin xarakterini, istiqamətini yox, həm də hansı siyasi kursun tutulacağını proqnozlaşdırmaq imkanı verəcək”.

Vasif ƏLİHÜSEYN

Chosen
27
1
adalet.az

2Sources