EN

Kremldən “yalnız rus dilində olmalıdır” əmri... “Bunun arxasında daha dərin siyasi məqsədlər dayanır”

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Filoloq Həsən Hüseynov: “Hakimiyyət “rəsmi, kasadlaşdırılmış və ideoloji baxımdan transformasiya olunmuş” rus dili modelini cəmiyyətə qəbul etdirməyə çalışır”

Martın 1-dən etibarən Rusiyada ictimai məkanda xarici sözlərin istifadəsinə ciddi məhdudiyyətlər qüvvəyə minib. Yeni qaydalara əsasən, təşkilatların adları, informasiya lövhələri, reklam bannerləri, eləcə də yaşayış kompleksləri və kommersiya binalarının adlandırılması yalnız rus dilində olmalıdır.

Xarici dildə adların saxlanılmasına yalnız iki halda icazə verilir: əgər bu ad rəsmi qeydiyyatdan keçmiş əmtəə nişanıdırsa və ya artıq müasir rus dilinin lüğət fonduna daxil edilibsə.

Qanunun əsas məqsədi kimi “ictimai məkanda rus dilinin dominant mövqeyinin təmin edilməsi” göstərilir.

Bundan əvvəl Prezident Vladimir Putin rus dilinin dövlət dili kimi inkişafı və dəstəklənməsi ilə bağlı tapşırıqlar paketini təsdiqləyib. O, ali məktəblərdə “Rus dili dövlət dili kimi” adlı fənnin tətbiqi ilə bağlı təkliflərin sentyabrın 1-dək hazırlanmasını da göstəriş verib. Beləliklə, dil siyasəti artıq yalnız mədəni deyil, institusional və ideoloji müstəviyə daşınır.

Dil və məzmun üzərində nəzarət yalnız lövhə və reklamlara aid deyil. Yeni qanunvericiliyə əsasən, narkotiklərin təbliği cinayət məsuliyyəti yaradır. Artıq striminq platformalarından rep və rok ifaçılarının bəzi mahnılarının silinməsinə başlanılıb.

Qadağan olunmuş maddələrdən bəhs edən sənətçiləri azadlıqdan məhrumetməyə qədər cəza gözləyir. Musiqi leybləri və striminq platformaları isə 1,5 milyon rubldan başlayan cərimələr və fəaliyyətin dayandırılması riski ilə üz-üzədir.

Məsələ ilə bağlı “Radio Svoboda”ya danışan filoloq və mədəniyyət tarixçisi Həsən Hüseynov bildirib ki, hazırda baş verənlər dilin “qorunması” adı altında onun sadələşdirilməsi və primitivləşdirilməsi cəhdidir.

Onun sözlərinə görə, rus dili əsrlər boyu müxtəlif dillərdən – türk, ivrit, fransız, alman və son onilliklərdə xüsusilə ingilis dilindən geniş şəkildə sözlər qəbul edib. Müasir texnologiyalar – internetdən pilotsuz uçuş aparatlarınadək,əsasən ingilis dili vasitəsilə ölkəyə daxil olur və bu, təbii şəkildə dilə təsir göstərir.

H.Hüseynov hesab edir ki, prosesin arxasında daha dərin siyasi məqsədlər dayanır. O xatırladıb ki, 2018-ci ildə qəbul edilən qanunla faktiki olaraq ölkədə digər xalqların dillərində təhsilin məcburi xarakteri aradan qaldırıldı və rus dili yeganə məcburi dilə çevrildi.

Onun fikrincə, hakimiyyət “rəsmi, kasadlaşdırılmış və ideoloji baxımdan transformasiya olunmuş” rus dili modelini cəmiyyətə qəbul etdirməyə çalışır. Bu modeldə “müharibə” ifadəsinin “xüsusi hərbi əməliyyat” kimi təqdim olunması təsadüfi deyil, məqsəd reallığın adını dəyişməklə ictimai şüuru formalaşdırmaqdır.

Həsən Hüseynovun qənaətinə görə, dil canlı orqanizmdir və qanunlarla tam nəzarətə alınması mümkün deyil. O qeyd edib ki, rəsmi qadağalara baxmayaraq, qeyri-rəsmi və kobud leksika gündəlik ünsiyyətdə geniş yayılıb və bu, cəmiyyətin daxili vəziyyətinin göstəricisidir.

Onun sözlərinə görə, nə qədər qadağa tətbiq olunsa da, insanlar gündəlik ünsiyyətdə öz dillərini yaşatmağa davam edəcəklər.

Beləliklə, Kreml “rus dilinin qorunması” şüarı altında ictimai məkanın və mədəni sahənin daha sərt nəzarət mexanizmləri ilə əhatə olunmasına start verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
hurriyyet.az

1Sources