Bakı, 4 mart, AZƏRTAC
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bir daha təsdiqlədi ki, Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji aktordur.
Bu fikri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çıxışı həm mövcud reallığın təhlili, həm də qarşıdakı mərhələnin yol xəritəsi baxımından mühüm mesajlarla zəngin idi: “Dövlətimizin başçısının vurğuladığı kimi, 12 il əvvəl əsası qoyulan Cənub Qaz Dəhlizi təşəbbüsü bu gün özünü tam doğruldub, çoxtərəfli əməkdaşlıq modelinə çevrilib. Qlobal enerji bazarlarında qeyri-sabitlik, geosiyasi gərginliklər və təchizat riskləri fonunda məhz dialoq və tərəfdaşlıq platformalarının əhəmiyyəti daha aydın görünür. Əgər əvvəlcə 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Bu fakt ölkəmizin enerji diplomatiyasının uğurunu açıq şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qaz təchizatının Avropa sərhədlərini aşdığını xüsusi vurğuladı. Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması təkcə iqtisadi deyil, həm də humanitar və geosiyasi əhəmiyyət daşıyır. Elektrik enerjisi qıtlığı yaşayan bir ölkəyə enerji dəstəyi göstərilməsi regional sabitliyə və sosial dayanıqlığa töhfədir. Eyni zamanda, Avropa istiqamətində genişlənmə davam edir. Almaniya və Avstriya da Azərbaycan qazı alan ölkələr sırasına qoşulub. Bütün bunlar Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunun sistemli və uzunmüddətli xarakter daşıdığını göstərir. Lakin artan tələbat yeni çağırışlar yaradır. Cənub Qaz Dəhlizinin tam yüklənməsi mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. Yeni interkonnektorlar, əlavə nəqliyyat imkanları və qazpaylama şəbəkəsinin şaxələndirilməsi artıq gündəmdədir. Qarşıdakı illərdə “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqları üzrə planlaşdırılan hasilat artımı 10-15 milyard kubmetr əlavə qaz potensialı yaradacaq”.
Azərbaycanın enerji strategiyasının təkcə hasilat və ixracla məhdudlaşmadığını qeyd edən deputat deyib: “Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiya layihəsi, İtaliyada iki böyük neftayırma müəssisəsinin alınması ölkəmizin enerji zəncirinin bütün mərhələlərində iştirak etdiyini göstərir. Aralıq və Egey dənizləri hövzəsində 22 milyon tonluq neftayırma potensialı Azərbaycanın qlobal enerji bazarında mövqelərini daha da möhkəmləndirir. Bu, artıq klassik ixracatçı modelindən çıxaraq, inteqrə olunmuş enerji şirkəti və regional enerji mərkəzi modelinə keçid deməkdir. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası enerji, süni intellekt, kommunikasiya və bağlılıq sahələrində yeni perspektivlər açır.
İşğaldan azad edilmiş ərazilərdə hidroenerji potensialının sürətlə reallaşdırılması da enerji təhlükəsizliyinin milli təhlükəsizliklə və regional inkişafla birbaşa bağlı olduğunu nümayiş etdirir. Bakıda keçirilən iclaslar bir daha təsdiqlədi ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində təkcə iştirakçı deyil, təşəbbüskar və istiqamətverici ölkədir”.