EN

Azərbaycanın enerji diplomatiyasının uğurlarının əsas müəllifi




Paytaxtımız bugünlərdə növbəti mötəbər beynəlxalq tədbirlərdən birinə ev sahibliyi edir. Belə ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclası keçirilib. Bu mühüm toplantıya Avropa İttifaqı ölkələri üstünlük təşkil etməklə 27 ölkənin, 11 beynəlxalq maliyyə qurumlarının, həmçinin 49 enerji şirkətinin təmsilçiləri qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edirlər. Həmçinin Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen də tədbirin əsas qonaqlarından biridir.
Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam edir. Nazirlər iclasları çərçivəsində regional enerji bağlantıları, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində prioritetlərin və layihələrin nəzərdən keçirilməsi və Aİ şirkətlərinin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçirilib.
2015-ci ilin fevral ayından etibarən hər il davamlı olaraq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı Azərbaycanın enerji diplomatiyasının uğurlarının təqdimatı üçün unikal platformadır. Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Prezident İlham Əliyev də iştirak etdi. Tədbirdə çıxış edən dövlətimizin başçısı bildirdi ki, hər zaman olduğu kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işlər nəzərdən keçirilir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımız planlaşdırılır. O da qeyd olundu ki, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğu indi daha aydın şəkildə görünür.
Prezident xüsusilə son 12 ildə müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin ortaya çıxdığını, lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasının əzmlə davam etdirildiyini diqqətə çatdırdı. Bütün bunlar həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilib. Hər il Bakıda keçirilən toplantılararası dövr ərzində (bir il müddətində) görülən işlərə nəzər yetirdikdə yeni irəliləyişlərin şahidi oluruq.
Dövlət başçısı tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, ötən ilki çıxışında Azərbaycanın xarici ölkələrə qaz ixracının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımızın mövcudluğundan danışmışdı və bu il Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı artıq 16-ya çatıb: "Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır".
İstehsalçı ölkə olaraq Azərbaycan, tranzit ölkələr və istehlakçı ölkələr arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunduğunu bildirən Prezident İlham Əliyev onu da qeyd etdi ki, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik və artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Eyni zamanda, qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız da mövcuddur ki, bu da Azərbaycandan qaz istehlak edən ölkələrin sayının daha da artmasına imkan yaradacaq.
Azərbaycanın hər dövrün çağırışlarına çevik şəkildə reaksiya verdiyini və bu çağırışlara uyğun optimal qərarlar qəbul etdiyini nəzərə alsaq, Prezidentin çıxışında bərpaolunan enerji layihələri, Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti sahəsində gördüyü işlərə xüsusi yer ayırması da tamamilə təbiidir.
Dövlətimizin başçısı Azərbaycanın dayanıqlı enerji siyasəti sahəsində kompleks yanaşmalarının gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcəyinə zəmanət verdiyini diqqətə çatdırdı. Çünki bu gün biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Amma Azərbaycan isə həm ənənəvi neft və qaz ölkəsi kimi, həm də COP29-a ev sahibliyi etmiş ölkə kimi bu istiqamətdə real addımlar atır. Bu mənada bu gün Azərbaycanın enerji siyasəti təkcə lokal iqtisadi inkişafa deyil, həm də qlobal enerji keçidinə töhfə verən strateji model kimi nümunə göstərilir.
Cənub Qaz Dəhlizi Azərbaycan qazını artan sayda istehlakçıya etibarlı və rəqabətli şəkildə çatdıran ötürmə sistemi kimi mühüm rol oynayır. Bu dəhliz ardıcıl beşinci ildir uğurla fəaliyyət göstərir. Bu isə Avropa İttifaqının (Aİ) enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. Belə ki, 2025-ci ildə Azərbaycan və SOCAR tərəfindən Aİ-yə üzv dövlətlərə 12,5 milyard kubmetr təbii qaz tədarük edilib ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz artım deməkdir. Elektrik enerjisinə artan tələbat fonunda təbii qazın çevik və əsas strateji enerji mənbələrindən biri kimi inkişafının, eləcə də Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı kritik rolun əhəmiyyətini tədbir iştirakçıları da təsdiqləyirlər. Eyni zamanda, Azərbaycan etibarlı tərəfdaş missiyasını təkcə təbii qazla deyil, həm də “yaşıl enerji” ilə genişləndirir. Komissar Dan Yorqensenin ifadəsi ilə desək, Azərbaycanın liderlik etdiyi Cənubi Qafqaz ekoloji cəhətdən təmiz texnologiyalar və infrastrukturun inkişafı mərkəzinə çevrilə bilər. Avropa şirkətləri isə öz texnologiyaları, investisiyaları və təcrübələri ilə bu prosesə töhfə verməyə maraqlıdırlar.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, şaxələndirmə, sərmayələrin proqnozlaşdırılması və tərəfdaşların fəaliyyəti bağlantılar üçün çox vacibdir. Bu kontekstdə bu gün Azərbaycanla Avropanın güclü enerji tərəfdaşlığı həm də təmiz enerjiyə keçidə paralel olaraq inkişaf edir. Məşvərət Şurasının builki toplantısı çərçivəsində isə qaz tədarükünün təmin edilməsindən və metan emissiyalarının azaldılmasından elektrik şəbəkələrinin modernləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə qədər bütün enerji spektri üzrə Aİ-Azərbaycan əməkdaşlığı gücləndirildi. Hazırda dünyanın əsas çağırışı da məhz bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, artıq bir neçə ildir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir. Azərbaycan bu məsələyə ideoloji yöndən yox, məhz praqmatik aspektdən yanaşır və qazıntı yanacağının tədarükü ilə bərpaolunan enerji mənbələrinin istehsalının vəhdətini prioritet hesab edir. Azərbaycanın öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda, bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması da elə bu vəhdət konsepsiyasının göstəricisidir. Bu mənada, Azərbaycanın enerji diplomatiyası həqiqətən də çox uğurludur. Cənab Prezident Azərbaycanın enerji diplomatiyasının uğurlarının əsas müəllifi və bu işlərə bilavasitə rəhbərlik edən şəxsdir.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Chosen
6
29
newscenter.az

10Sources