EN

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında enerji körpüsü rolunu oynayan strateji ölkəyə çevrilir

Bakı, 4 mart, AZƏRTAC

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının keçirilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcını göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu toplantı bir tərəfdən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun daha da gücləndiyini göstərir, digər tərəfdən isə ölkənin enerji siyasətində yalnız qaz ixracı ilə məhdudlaşmadığını, paralel olaraq yaşıl enerji strategiyasını da genişləndirdiyini nümayiş etdirir.

Son illər Avropada enerji təhlükəsizliyi məsələsi xüsusilə həssas mövzuya çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji mənbələrini şaxələndirmək siyasətini sürətləndirdi və bu prosesdə Azərbaycan əsas tərəfdaşlardan birinə çevrildi. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, artıq Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb və Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Bu fakt Azərbaycanın regional enerji layihəsindən qlobal enerji tərəfdaşına çevrildiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

O qeyd edib ki, digər mühüm məqam Azərbaycanın qaz ixracının coğrafiyasını genişləndirməsidir. Almaniyaya və Avstriyaya qaz tədarükünün başlanması Avropa enerji bazarında Azərbaycanın rolunun daha da möhkəmləndiyini göstərir. Bununla yanaşı, Suriyaya qaz ixracının başlanması isə Azərbaycanın enerji siyasətində yeni regional istiqamətlərin formalaşdığını göstərir. Bu addım həm iqtisadi, həm də humanitar baxımdan əhəmiyyətlidir, çünki enerji qıtlığı yaşayan ölkələr üçün qaz tədarükü birbaşa sosial və iqtisadi sabitliyə təsir edir.

Eyni zamanda, çıxışda diqqət çəkən əsas məsələlərdən biri Azərbaycanın yeni qaz yataqlarının inkişafı ilə bağlı planları idi. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layları, “Abşeron” və “Ümid” yataqları, həmçinin “Şahdəniz” layihəsinin yeni mərhələsi gələcək illərdə əlavə 10-15 milyard kubmetr qaz hasilatı potensialı yarada bilər. Bu isə Azərbaycanın uzunmüddətli perspektivdə Avropa enerji bazarında sabit təchizatçı kimi mövqeyini qorumağa imkan verəcək. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bunun üçün mövcud boru kəmərlərinin genişləndirilməsi və yeni interkonnektorların yaradılması vacib olacaq.

“Toplantının digər mühüm istiqaməti yaşıl enerji gündəliyi ilə bağlıdır. Azərbaycan son illər alternativ enerji layihələrinə ciddi investisiyalar cəlb edir. Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə həyata keçirilən külək və Günəş elektrik stansiyaları ölkənin enerji balansında bərpaolunan mənbələrin payını artırmağa yönəlib. 2032-ci ilə qədər 6-8 giqavat yaşıl enerji istehsalının planlaşdırılması Azərbaycanın gələcəkdə həm də elektrik enerjisi ixracatçısına çevrilə biləcəyini göstərir. Bu strategiyanın maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan enerji siyasətində idealist yanaşmadan daha çox praqmatik model seçir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, qazıntı yanacaq növlərini tamamilə nəzərə almamaq real yanaşma deyil. Ona görə də ölkə həm qaz ixracını genişləndirir, həm də paralel şəkildə bərpaolunan enerji layihələrini inkişaf etdirir. Bu model enerji keçidinin daha balanslı və iqtisadi baxımdan dayanıqlı həyata keçirilməsinə imkan verir”, - deyə Z.Qarayeva vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycanın enerji strategiyası artıq yalnız xammal ixracı ilə məhdudlaşmır. Türkiyə və Serbiyada elektrik stansiyalarına investisiya, Aralıq və Egey dənizində neftayırma potensialının gücləndirilməsi Azərbaycanın enerji zəncirində daha geniş rol oynamaq istədiyini göstərir. Bu isə ölkənin enerji siyasətini təkcə istehsalçı deyil, həm də emal və enerji infrastrukturu sahəsində aktiv aktora çevirir.

Ümumilikdə Bakıdakı bu toplantı göstərdi ki, Azərbaycan artıq regionun, sadəcə, enerji istehsalçısı deyil, Avropa ilə Asiya arasında enerji körpüsü rolunu oynayan strateji ölkəyə çevrilir. Qaz ixracı, yaşıl enerji layihələri, yeni tranzit imkanları və beynəlxalq enerji əməkdaşlığı Azərbaycanın enerji siyasətinin gələcək illərdə də qlobal enerji bazarında mühüm mövqe tutacağını göstərir.

Chosen
19
3
azertag.az

5Sources