EN

İftardan sonra bunları etməyin – Həkimdən XƏBƏRDARLIQ

Ramazan ayında oruc tutan insanların qidalanma rejimi gündəlik həyat tərzindən əhəmiyyətli dərəcədə fərqlənir.

Gün ərzində uzun müddət ac və susuz qalan orqanizm iftar zamanı qəbul edilən qidalara daha həssas reaksiya verir. Bu səbəbdən də mütəxəssislər iftar süfrəsində düzgün qidalanmanın sağlamlıq üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar. Həkimlər bildirirlər ki, gün boyu ac qalan insanın iftar zamanı tələsik və ağır qidalar qəbul etməsi həzm sistemində problemlər, halsızlıq, mədə ağrıları və digər narahatlıqlar yarada bilər. Xüsusilə yağlı və qızardılmış yeməklərin birdən-birə çox miqdarda qəbul edilməsi mədənin fəaliyyətinə əlavə yük yaradır və bu da orqanizmdə narahatlıq hissini artırır.

Mövzu ilə bağlı terapevt həkim Nərgiz Əliyeva NOCOMMENT.az-a bildirib ki, orucdan sonra qidalanmanın düzgün təşkili həm həzm sisteminin qorunması, həm də ümumi sağlamlıq baxımından vacibdir.

Onun sözlərinə görə, gün ərzində uzun müddət ac qalan orqanizmə birdən-birə ağır və çox kalorili qidalar vermək düzgün deyil.

“İftarı tədricən və balanslı şəkildə açmaq lazımdır.

İftara ilk növbədə su və ya xurma ilə başlamaq daha sağlam seçim hesab olunur. Xurma tərkibində olan təbii şəkərlər və minerallar sayəsində gün ərzində itirilən enerjinin bir hissəsini tez bir zamanda bərpa etməyə kömək edir. Su isə orqanizmin susuzluğunu aradan qaldıraraq həzm sisteminin fəaliyyətini aktivləşdirir. Bəzi insanların iftarı qazlı və şəkərli içkilərlə açması geniş yayılmış vərdişdir, lakin bu, sağlamlıq baxımından doğru deyil”.

Onun fikrincə, qazlı və şəkərli içkilər mədədə köp və narahatlıq yarada bilər, həmçinin qan şəkərinin kəskin qalxmasına səbəb olur:

“Bu isə qısa müddətdən sonra halsızlıq və yorğunluq hissinin yaranmasına gətirib çıxara bilər. Buna görə də iftar zamanı qazlı içkilərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur.

İftar süfrəsində qidalanma mərhələli şəkildə təşkil olunmalıdır. Əvvəlcə yüngül qidalar – məsələn, şorba və ya tərəvəz əsaslı yeməklər qəbul etmək daha məqsədəuyğundur. Bu cür qidalar mədəni əsas yeməyə hazırlayır və həzm prosesini asanlaşdırır. Daha sonra isə əsas yeməklər qəbul edilə bilər. Birdən-birə böyük porsiyalar yemək mədə-bağırsaq sistemində ağırlıq hissi yaradır və həzmi çətinləşdirir”.

Nərgiz Əliyeva xüsusilə yağlı, qızardılmış və çoxlu xəmir məmulatlarından ibarət yeməklərin iftar süfrəsində həddindən artıq istifadə edilməsinin sağlamlıq üçün riskli olduğunu qeyd edir:

“Bblelə qidalar həm mədə problemlərinə, həm də Ramazan ayı ərzində çəki artımına səbəb ola bilər”.

Həkim vurğulayır ki, oruc tutan insanlar qidalanma balansını qorumağa çalışmalı və mümkün qədər yüngül, qidalı və vitaminlərlə zəngin məhsullara üstünlük verməlidirlər:

“Şirniyyatların qəbulu ilə bağlı da mütəxəssislər ehtiyatlı olmağı tövsiyə edirlər. İftardan dərhal sonra şirniyyat yemək həzm sisteminə əlavə yük yaradır və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən şirniyyatların iftardan təxminən bir və ya iki saat sonra qəbul edilməsi daha doğru hesab olunur”.

Mütəxəssis iftar və imsak arasındakı müddətdə kifayət qədər su qəbulunun da çox vacib olduğunu qeyd edib:

“Gün ərzində susuz qalan orqanizm üçün axşam saatlarında maye balansının bərpa olunması xüsusi əhəmiyyət daşıyır. Suyun az qəbulu baş ağrıları, halsızlıq və diqqət zəifləməsi kimi problemlərə səbəb ola bilər.

Çay və qəhvə kimi içkilər bəzi hallarda maye itkisini artırır və bu da orqanizmin susuzlaşmasına səbəb ola bilər. Buna görə də iftarla imsak arasında suyun qəbuluna üstünlük verilməsi daha sağlam seçim sayılır”.

Tunar
NOCOMMENT.az

Chosen
102
16
nocomment.az

10Sources