EN

Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Tədbirdə Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə investisiya dəyirmi masası təşkil edilib. Sözügedən iclasda Prezident İlham Əliyev geniş məzmunlu çıxış edərək bildirib ki, «Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir».

Ölkəmizin başçısı  çıxışında vurğulayıb ki, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik «Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi».

Eyni zamanda,  ölkəmiz yaşıl enerji sahəsində də  ciddi hədəflərə çatmaq üçün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. Ona görə də bu gün «Yaşıl enerji» mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin miqyasının genişləndirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Məhz buna görə də  2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30 faizə çatdırılması əsas vəzifə irəli sürülüb.

Bir daha aydın görünür ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın «Yaşıl enerji» imkanlarının maksimum səviyyədə genişləndrilməsi ölkəmizə əhəmiyyətli dərəcədə iqtisadi dividendlər gətircəkdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki  çıxışında dediyi kimi, « Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə «ACWA Power» tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə «Masdar» şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.

Beynəlxalq tədbirdə vurğulanıb ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac ediləcəkdir. Preziden İlham Əliyev bu barədə deyib : «Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.»

Xatırladaq ki, Azərbaycanın bərpaolunan enerji strategiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2021-ci ilin fevralında qəbul edilmiş «Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri»nə əsaslanır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Chosen
4
11
ikisahil.az

10Sources