EN

Professor Nadir Məmmədli: Bu mötəbər toplantı elmi həyatda dönüş nöqtəsi olub

Türkiyənin paytaxtı Ankarada Türk Tarix və Kültür Vəqfinin təşkilatçılığı ilə “1926 Bakı Türkoloji Qurultayının 100 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutundan "İki sahil"ə bildirilib ki, böyük krım-tatar maarifçisi və ideoloqu İsmayıl bəy Qaspralının xatirəsinə ithaf olunan tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Rusiyadan tanınmış alimlər iştirak ediblər. Konfrans Türkiyə, Azərbaycan və Mərkəzi Asiya türk dövlətləri üçün ortaq elmi platforma rolunu oynayıb.

Beynəlxalq tədbirin əsas məqsədi Türk dünyasının dil, əlifba və tarix məsələlərini birgə müzakirə etməkdir. İclaslarda türk əlifbalarının tarixi, ortaq türk dili və terminologiya, dil siyasəti, islahatlar və mədəni inteqrasiya məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfransda Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Birinci Türkoloji Qurultayın siyasi və elmi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycanın mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biridir: “Bu qurultay türk xalqlarının elmi və mədəni birliyinin tarixi təməlidir. Dünyanın müxtəlif bölgələrindən gəlmiş 131 nümayəndənin iştirak etdiyi bu mötəbər toplantı elmi həyatda dönüş nöqtəsi olub. Qurultay yalnız əlifba və dil məsələləri ilə məhdudlaşmayıb, həm də kollektiv qərarvermə və metodoloji vahidlik ideyalarının formalaşması baxımından müstəsna əhəmiyyət kəsb edib”.

Təşkilatçılara minnətdarlığını bildirən professor qeyd edib ki, Bakı və Ankarada gerçəkləşən bu silsilə tədbirlər Türk dünyasının elmi və siyasi birliyinin artıq reallığa çevrildiyini nümayiş etdirir.

Beynəlxalq konfrans bu gün öz işini yekunlaşdırır.

Chosen
2
2
ikisahil.az

3Sources