EN

Piylənmə uşaqlarda xəstəliklərə səbəb ola bilər - Həkimdən XƏBƏRDARLIQ

"Piylənmə təkcə ürəklə bağlı problem yaratmır, bir çox fəsadlara səbəb ola bilər. Ailələr ən çox bu narahatlıqla müraciət edirlər ki, uşaqda insulin müqaviməti ola bilərmi? İnsulin müqaviməti metabolik pozuntuların ilk mərhələsi kimi qarşımıza çıxır. Bunun nəticəsində ikinci tip şəkərli diabetin yaranma riski artır, həmçinin metabolik sindrom deyilən vəziyyətə tez-tez rast gəlinir".

Redaktor.az xəbər verir ki, bu fikirləri 4 mart - Dünya Piylənmə Günü ilə bağlı keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirdi.

Onun sözlərinə görə, bədən yağları və xolesterin mübadiləsinin pozulması da müşahidə olunur:

"Bunun nəticəsində gələcəkdə erkən yaşlarda ateroskleroz, ürək-damar xəstəlikləri, arterial hipertenziya (yüksək təzyiq) və xroniki ürək xəstəlikləri inkişaf edə bilər. Qaraciyərin piylənməsi də çox rast gəlinən hallardandır. Demək olar ki, piylənmə ilə müraciət edən uşaqların əksəriyyətində ən azı birinci və ya ikinci dərəcəli qaraciyər piylənməsi aşkar edirik. Bu prosesin irəliləmiş mərhələsi qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyinə çevrilə bilər. Bundan əlavə, tənəffüs sistemi ilə bağlı problemlər də yaranır. Uşaqlarda gecə apnoesi, xoruldama, çətin nəfəsalma halları müşahidə oluna bilər. Astma və allergik xəstəliklər də piylənməli uşaqlarda daha çox rast gəlinir".

Nuriyyə NATİQQIZI

 

Chosen
43
redaktor.az

1Sources