EN

Nizami rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub - YAP fəal xanımları təltif etdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında qadınların rolu” mövzusunda tədbir təşkil olunub.Tədbirdə rayonun müxtəlif sahələrində fəaliyyət göstərən fəal qadınlar iştirak ediblər.Missiya.Az xəbər verir ki, tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açaraq qadınların cəmiyyətdə və ailədəki rolundan geniş bəhs edib. O vurğulayıb ki, bu gün ölkəmizdə qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb. Qadınların dövlət idarəçiliyində, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə kişilərlə yanaşı fəal və geniş təmsil olunması dövlət səviyyəsində onlara göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Komitə sədri qeyd edib ki, Azərbaycan qadını tarix boyu öz müdrikliyi, vətənpərvərliyi və fədakarlığı ilə dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb.Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova çıxış edərək bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. O bildirib ki, adı tarix boyu uca tutulan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində müstəsna xidmətlər göstərib.Şəhid ailələri adından çıxış edən Vətən müharibəsi şəhidi Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O qeyd edib ki, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən sosial dəstək onların hər zaman diqqət mərkəzində saxlanıldığını nümayiş etdirir. Vüsalə Əliyeva Azərbaycan qadınının Vətənə bağlılığından, ailə dəyərlərinə sədaqətindən və vətənpərvərlik ruhunun aşılanmasındakı rolundan danışıb.Təbrik nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Rasim Musabəyov və digərləri ölkənin, o cümlədən rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolunun yüksək qiymətləndirilməsinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın YAP Nizami rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olunub. Təltif edilənlər arasında Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin Qadınlar Şurasının sədri Güllü Yoloğlu və “Missiya” Media Qrupunun baş redaktorunun müavini Nurlana Əhmədova da yer alıblar.Nurlana ƏhmədovaMissiya.Az   

Chosen
74
missiya.az

1Sources