EN

Tələbələrin əmək bazarına hazırlığı üçün BDU və “PROSOL” şirkəti birgə fəaliyyətə başlayır

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi və “PROSOL” QSC-nin əməkdaşları arasında görüş keçirilib. Görüşün məqsədi universitet–şirkət əməkdaşlığının genişləndirilməsi, tələbələrin əmək bazarına hazırlığının artırılması və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi istiqamətində birgə layihələrin müzakirəsi olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Mərkəzin nümayəndələri universitetdə həyata keçirilən karyera yönümlü layihələr, tələbə və məzunların peşəkar inkişafına xidmət edən proqramlar, işəgötürənlərlə qurulan əməkdaşlıq mexanizmləri barədə ətraflı məlumat veriblər. Tələbələrin real iş mühiti ilə tanışlığının artırılması, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün şirkətlərlə birbaşa əlaqələrin əhəmiyyəti vurğulanıb. Mərkəz əməkdaşları tərəfindən “Rəqəmsal tələbə inkişaf proqrami”, “Rəqəmsal bacariqlar bootcampı” və “Mentorluq proqramı” kimi layihə istiqamətləri üzrə əməkdaşlıq təklifləri, həmçinin tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi məsələləri irəli sürülüb.

“PROSOL” QSC-nin nümayəndələri şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və xüsusilə kibertəhlükəsizlik sahəsində gördüyü işlər barədə təqdimatla çıxış ediblər. Çıxışlarda rəqəmsallaşma və süni intellekt sahələri üzrə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd edilib. Şirkət nümayəndələri tələbələr üçün ustad dərsləri və təlimlərin təşkili, universitetdə müasir rəqəmsal laboratoriyaların yaradılması istiqamətində dəstək ola biləcəklərini vurğulayıblar.

Tərəflər əməkdaşlığın davamlı xarakter alması, tələbələrin müasir əmək bazarının tələblərinə uyğun hazırlanması və kibertəhlükəsizlik kimi strateji sahədə ixtisaslı kadrların formalaşdırılmasının vacibliyini qeyd ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
azertag.az

1Sources