Rəqəmsallaşma dövründə bir çox ölkələr dövlət idarəçiliyində çevik və məsafədən iş modellərinə üstünlük verir. Xüsusilə, pandemiyadan sonra onlayn və distant iş rejimi qlobal idarəetmə trendlərinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycanda da müəyyən sahələrdə rəqəmsal xidmətlər genişlənsə də, dövlət qurumlarının əməkdaşlarının böyük hissəsi hələ də ənənəvi və fiziki iş rejimində fəaliyyət göstərir. Halbuki bəzi vəzifələrin məsafədən icrası mümkün hesab olunur və bu, həm vaxt itkisini azalda, həm də inzibati xərcləri optimallaşdıra bilər.
Bəs mövcud əmək bazarı, hüquqi baza, infrastruktur və təhlükəsizlik amilləri nəzərə alındıqda, dövlət idarələrində onlayn sistemin tam tətbiqinə keçid niyə hələ də prioritet sayılmır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, son illərə qədər əmək qanunvericiliyində distant və ya onlayn iş rejimi ilə bağlı konkret müddəalar nəzərdə tutulmamışdı.

“Bu istiqamətdə dəyişikliklər edilsə də, praktiki tətbiq baxımından hələ də müəyyən çətinliklər mövcuddur.
Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin təxminən 55-60 faizi büdcədən maliyyələşən təşkilatlarda və ya dövlət qurumlarında çalışır. Bu isə o deməkdir ki, əmək müqavilələrinin böyük hissəsi dövlət sektorunun payına düşür və həmin iş yerlərinin maliyyə mənbəyi birbaşa dövlət büdcəsidir”.
Asif İbrahimov xatırladıb ki, pandemiya dövründə bir sıra dövlət qurumları məcburi şəkildə onlayn iş rejiminə keçmişdi.
“O cümlədən ASAN xidmət mərkəzlərinin çağrı xidmətində çalışan əməkdaşlar evdən vətəndaş müraciətlərini qəbul edirdi. Lakin bu təcrübə zamanı müəyyən problemlər ortaya çıxmışdı.
Dövlət qurumlarının öz daxili siyasətləri, normativ-hüquqi məhdudiyyətləri, məxfilik və təhlükəsizlik tələbləri var. Xüsusilə məlumatların kənara sızmaması məsələsi onlayn rejimdə daha həssas xarakter daşıyır. Bundan əlavə, iş prosesində gecikmələr və koordinasiya problemləri də müşahidə olunub”.
Ekspert infrastruktur məsələlərinə də diqqət çəkib.
“Dövlət qurumlarında əməkdaşlar lisenziyalı proqram təminatı və müasir texnoloji avadanlıqlarla işləyirlər. Lakin ev şəraitində hər bir əməkdaşın eyni texniki imkanlara malik olması sual altındadır. Xüsusilə, uzunmüddətli onlayn iclaslar, xüsusi proqram təminatı və vahid sənəd dövriyyəsi sistemi məsafədən işləyərkən əlavə çətinliklər yaradır”.
Asif İbrahimov vurğulayıb ki, dövlət qurumlarının əksəriyyəti birbaşa vətəndaşlara xidmət göstərən strukturlardır və bu sahədə fiziki iştirak mühüm əhəmiyyət daşıyır.
“İdarəetmədə nəzarətin zəifləməsi, xidmət keyfiyyətinin aşağı düşməsi, infrastruktur, təhlükəsizlik və məxfilik riskləri nəzərə alınaraq hazırkı mərhələdə ən uyğun model ənənəvi iş rejimi hesab olunur.
Hazırkı əmək bazarı şəraiti və mövcud imkanlar çərçivəsində dövlət idarələrində tam onlayn sistemə keçid hələlik məqsədəuyğun sayılmır”.
Müşviq Tofiqoğlu
KONKRET.az