EN

Azərbaycan Avropanın enerji təchizatında yeni səhifə açır

Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışında qarşıdakı dövrün planlarından geniş bəhs edərək, builki toplantının da digər iclaslar kimi nəticəyönümlü olacağına əminliyini ifadə etdi

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. Ölkəmiz enerji sektorunda qazandığı uğurları növbəti dəfə dünyaya təqdim etdi. 2015-ci ilin fevral ayından etibarən hər il keçirilən bu toplantılar hesabat xarakteri daşıyır. Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında “Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq” söyləyərək onu da əlavə etdi ki, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.

Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər həm ölkəmizin, həm iştirakçı, həm də əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan dövlətlərin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev “Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir” fikirləri ilə birgə addımların, səylərin birləşdirilməsinin hədəflərə doğru inamla irəliləməkdə əsas faktorlardan biri olduğunu təsdiqləyir. Azərbaycanda olan siyasi və iqtisadi sabitlik neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə, bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir. Dövlət başçısı İlham Əliyev toplantıda onu da qeyd etdi ki, sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir: “Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.”

Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdi. Çünki elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayaraq dayanıqlı iqtisadi inkişafın təkmil modelini dünyaya nümayiş etdirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatıdır. Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.

Keçilən yolun təhlili Azərbaycanın enerji sektorunda hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaratdı. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də iddialı planlar quraraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Cənab İlham Əliyev toplantıdakı çıxışında “Artıq bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir və bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik” söylədi və bildirdi ki, cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib.

Bu, artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışı gözlənilir. Prezident İlham Əliyev qeyd etdi ki, burada xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturuq. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var. Cənab İlham Əliyev bu çağırışı etdi: “Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir.”

2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilməsi onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayıb. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın qətiyyətli siyasəti və uğurlu enerji strategiyası nəticəsində bu layihə tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman Cənub Qaz Dəhlizi layihəsinin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu bəyan edir. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev layihənin əhəmiyyətini belə açıqlamışdır: «Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.» Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim xüsusi önəm verilir. Cənab İlham Əliyev sözügedən çıxışında onu da qeyd etdi ki, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.

Bütün bunlar Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir. Cənab İlham Əliyev qeyd etdi ki, dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq planlarımızın gerçəkləşməsi tamamilə real görünür. Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək.

Qeyd etdiyimiz kimi, hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Son illər dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərə, çıxışlara diqqət yetirsək görərik ki, Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu imkanlar əsaslı şəkildə diqqətə çatdırılır, bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasında qeyd edilir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı mövcuddur. Sözügedən toplantıda cənab İlham Əliyev vurğuladı ki, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, - biz hazırda bu məsələni araşdırırıq. Qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, hesab edirəm ki, iş məhz belə aparılmalıdır.

Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır. Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik. Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, düşünürəm auditoriyanın bilməyi vacib olardı ki, biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik - 870 meqavat gücündə. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir.

Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, Azərbaycan Avropanın enerji təchizatında yeni səhifə açır. Hər dövrün öz çağırışları vardır. Artıq beş ildən çoxdur ki, tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqları yaşayırıq. Bu torpaqların malik olduqları potensialdan gələcəkdə səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqləndi. Böyük Qayıdış Proqramı tam tərkibdə reallığa çevrildikdən sonra Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji məkanı kimi dünyanın diqqətində olacaq, böyük investisiyalar məkanına çevriləcək. Dövlətimizin başçısının strateji baxışı çərçivəsində Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsin təmin edir. “Əsrin müqaviləsi”ndən başlanan iqtisadi tərəqqi 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanmasını ilə daha da sürətləndi. Dünyanın enerji problemlərinin Azərbaycanda müzakirə edilməsi, ölkəmizin təcrübəsinin önə çəkilməsi, yeni körpülərin qurulması ilə bağlı təşəbbüslərin müəllifi kimi çıxış etməsi bugünümüzə və gələcəyimizə yönələn siyasətin, təkmil islahatların nəticəsidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen çıxışında bir daha qeyd etdi ki, Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq və Azərbaycan iqtisadiyyatında struktur transformasiyaya təkan verəcək. Müzakirələrin dərinləşdirilməsi və münasibətlərimizin gücləndirilməsi üçün imkanlar yaratdığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Dan Yorgensen vurğuladı ki, belə bir çətin dövrdə münasibətlər heç vaxt olmadığı qədər vacibdir: “Cənab Prezident, biz bu baxımdan ötən illə müqayisədə indi daha çətin dövrdəyik. Əlbəttə ki, bu məqsədləri nəzərə aldıqda mən Sizə diqqətinizə görə təşəkkürümü bildirirəm və tədbirə məhsuldar müzakirələr arzulayıram.”

Builki toplantının da ötən toplantılar kimi səmərəli və nəticəyönümlü olacağına əminliyini ifadə edən cənab İlham Əliyevin bu inamına əsas verən 2015-ci ildən bu iclasların davamlılığında problemlərin olmaması, uğurlu nəticələr, toplantıdan toplantıya qədər olan dövrlərdə hər dəfə yeniliklərin olması və onların fonunda yeni istiqamətlərin müəyyənləşdirilməsidir. Yeni çağırışlar yeni uğurlar deməkdir. Daim irəliyə baxmağı, zamanı qabaqlamağı qarşıya əsas hədəf kimi qoyan Azərbaycan ənənəvi keçiriləcək bu tədbirlərə bundan sonra da qürurverici uğurları ilə qatılacaq və ev sahibliyi edəcək.

Yeganə Əliyeva, “İki sahil”

Chosen
7
29
ikisahil.az

10Sources