EN

İranın nüvə obyektlərinə ZƏRBƏ: Azərbaycan TƏHLÜKƏDƏ?

ABŞ-İsrail-İranın müharibəsi nüvə obyektləri ətrafında formalaşan hərbi risklər region ölkələrində yeni təhlükə ssenarilərini gündəmə gətirib.

ABŞ və İsrail tərəfindən İranın nüvə bazalarına zərbələrin endirilməsi artıq təkcə siyasi və hərbi müzakirə mövzusu deyil, həm də ekoloji və humanitar risklər kontekstində qiymətləndirilir.

Bu müzakirələrin mərkəzində duran əsas suallardan biri isə belədir: Bu bombalanmanın yaratdığı radiasiya təhlükəsi region ölkələrinə, xüsusilə də Azərbaycana çata bilərmi?

Mütəxəssislər qeyd edirlər ki, nüvə obyektlərinə edilən hərbi zərbələr yalnız həmin ölkə üçün deyil, geniş coğrafiya üçün ekoloji risklər yarada bilər. Nüvə infrastrukturu adətən radioaktiv materialların saxlandığı və ya emal edildiyi komplekslərdən ibarət olur. Belə obyektlərə zərbə endirildiyi halda radioaktiv maddələrin atmosferə yayılması ehtimalı istisna edilmir. Bu isə küləyin istiqamətindən, partlayışın miqyasından və radioaktiv materialların növündən asılı olaraq region ölkələrinə qədər yayıla bilən radiasiya buludlarının formalaşmasına səbəb ola bilər.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan ekoloq Telman Zeynalov bildirib ki, hər hansı nüvə obyektinə edilən zərbə müəyyən risklər yaratsa da, radiasiyanın geniş miqyasda yayılması məsələsi bir sıra texniki və təbii faktorlarla bağlıdır. Onun sözlərinə görə, nüvə silahı ilə nüvə obyektinə zərbə endirilməsi eyni nəticəni vermir və bu iki vəziyyət bir-birindən fərqli qiymətləndirilməlidir: “İranın nüvə obyektləri əsasən uranın zənginləşdirilməsi və tədqiqat fəaliyyətləri üçün nəzərdə tutulmuş infrastrukturdur və belə obyektlərdə baş verən partlayışlar atom elektrik stansiyalarında baş verən qəzalardan fərqli miqyasda radiasiya yaradır. Atom elektrik stansiyalarında böyük miqdarda radioaktiv yanacaq mövcud olduğu üçün qəza zamanı radiasiyanın yayılma riski çox yüksək olur. Nüvə tədqiqat və zənginləşdirmə obyektlərində isə bu risk nisbətən daha məhduddur, lakin tamamilə istisna edilmir”.

Onun sözlərinə görə, radiasiyanın başqa ölkələrə yayılması üçün əsas faktor atmosfer şəraiti və küləklərin istiqamətidir. Əgər böyük miqdarda radioaktiv toz və ya qaz atmosferə qalxarsa, bu zaman hava axınları onu müəyyən məsafələrə daşıya bilər. Lakin belə hallarda radiasiyanın gücü məsafə artdıqca ciddi şəkildə azalır və min kilometrlərlə uzaq məsafələrdə təhlükəli səviyyədə qalması nadir hallarda baş verir.

Telman Zeynalov qeyd edir ki, Azərbaycan İranla qonşu ölkə olsa da, mümkün radiasiya riskinin real qiymətləndirilməsi üçün konkret obyektin yerləşdiyi yer, partlayışın gücü və meteoroloji şərait kimi faktorlar nəzərə alınmalıdır. Onun fikrincə, nəzəri olaraq müəyyən radiasiya hissəciklərinin atmosfer axınları ilə regiona çatması mümkündür, lakin bu, adətən insan sağlamlığı üçün təhlükəli səviyyədə olmur: “Tarixdə buna bənzər hadisələr də müşahidə olunub. Məsələn, böyük nüvə qəzaları zamanı radioaktiv maddələr min kilometrlərlə məsafəyə yayılsa da, ən yüksək radiasiya səviyyələri hadisə yerinə yaxın ərazilərdə qeydə alınıb. Uzaq regionlarda isə radiasiya səviyyəsi çox zəif olur və əsasən monitorinq xarakterli ölçmələrlə müəyyən edilir. Azərbaycan üçün əsas məsələ belə hallarda radiasiya monitorinq sistemlərinin güclü olmasıdır.  Ətraf mühitdə radiasiya səviyyəsinin mütəmadi ölçülməsi və erkən xəbərdarlıq mexanizmlərinin işlək vəziyyətdə saxlanılması potensial risklərin qarşısını almaq üçün vacibdir. Belə vəziyyətlərdə əhali arasında panika yaratmaq əvəzinə elmi əsaslara söykənən məlumatlandırma aparılması daha düzgün yanaşmadır”.

Ekoloq hesab edir ki, nüvə obyektlərinin bombalanması hər halda ekoloji baxımdan təhlükəli ssenaridir və belə addımlar regionun ekoloji balansına zərər vura bilər. Onun fikrincə, hərbi əməliyyatların nüvə infrastrukturu üzərində aparılması beynəlxalq səviyyədə də ciddi narahatlıq doğuran məsələlərdən biridir, çünki radioaktiv çirklənmə sərhəd tanımayan problemlərdən hesab olunur.

Telman Zeynalov bildirir ki, Azərbaycan coğrafi baxımdan İranın şimalında yerləşdiyi üçün potensial risklər nəzəri olaraq müzakirə olunsa da, real təhlükənin miqyası hadisənin konkret şəraitindən asılı olacaq. O vurğulayıb ki, belə ssenarilərdə ən vacib məsələ elmi monitorinq, ekoloji nəzarət və beynəlxalq məlumat mübadiləsinin düzgün təşkil edilməsidir.

Chosen
82
nocomment.az

1Sources