EN

Tehran bombalanır, Rusiya üçün Donbasda fürsət

İrana qarşı hərbi əməliyyatların başlanmasından 5 gün ötür. Baş verən proseslər keçən bu müddət ərzində təkcə Yaxın Şərq üçün deyil, Rusiya üçün də strateji fürsət pəncərəsi kimi qiymətləndirilir. Belə ki, Vaşinqtonun diqqətinin İrana yönəlməsi fonunda belə bir sual aktuallaşır: 

Rusiya prezidenti Vladimir Putin bundan istifadə edərək Ukrayna cəbhəsində daha sərt və sarsıdıcı addımlar ata bilərmi?

 Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, İrana qarşı hərbi əməliyyatların başlanması beynəlxalq sistemin diqqətini Yaxın Şərqə yönəldib. Onun fikrincə, əgər Qərb diplomatik, hərbi və informasiya resurslarının bir hissəsini İran istiqamətinə yönəldərsə, bu halda Ukrayna cəbhəsinə ayrılan diqqət və siyasi enerji müəyyən qədər zəifləyə bilər: "Bu isə Rusiyaya döyüş meydanında daha sərt hücumlar həyata keçirmək və ya strateji təşəbbüsü ələ almaq üçün əlavə manevr imkanı verə bilər. Bununla yanaşı, Rusiyanın İran məsələsində nisbətən ehtiyatlı və susqun mövqe nümayiş etdirməsi də diqqət çəkir və bəzi ekspertlər bunu böyük güclər arasında pərdəarxası anlaşmaların və ya ən azı qarşılıqlı “qırmızı xətlər"ə hörmət mexanizminin mövcudluğu ilə izah etməyə çalışırlar.

Digər tərəfdən, bu müharibənin Rusiya–Ukrayna savaşına təsiri təkcə hərbi müstəvidə deyil, enerji və qlobal siyasət müstəvisində də özünü göstərə bilər. Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olarsa, bu Rusiyanın enerji gəlirlərini artıraraq müharibəni maliyyələşdirmək imkanlarını genişləndirə bilər. Eyni zamanda, ABŞ və Avropanın təhlükəsizlik gündəliyinin parçalanması Ukraynaya hərbi və siyasi dəstəyin intensivliyinə də təsir göstərməsi mümkündür". 

Bununla belə, ekspert hesab edir ki, Qərb ölkələri son iki ildə paralel böhranları idarə etməyi öyrəndiklərini göstəriblər və Ukraynanın strateji prioritet olaraq qalması ehtimalı da kifayət qədər yüksəkdir.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
131
musavat.com

1Sources