EN

BAEA: İrandakı nüvə obyektlərində zədələnmə qeydə alınmayıb

BAEA: İrandakı nüvə obyektlərində zədələnmə qeydə alınmayıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) son peyk görüntülərinin təhlilinə əsasən, İranda nüvə materiallarının saxlanıldığı obyektlərdə hər hansı zədələnmənin müşahidə edilmədiyini və buna görə də radioloji sızıntı riskinin olmadığını bəyan edib.

AFN.az xəbər verir ki, qurumun sosial media hesabı vasitəsilə yayılan açıqlamada İsfahan Nüvə Obyekti yaxınlığındakı iki binada ziyanın qeydə alındığı, lakin daha əvvəl zədələndiyi bildirilən Natanzda əlavə bir təsirin aşkarlanmadığı vurğulanıb. Digər nüvə müəssisələrində də hər hansı mənfi təsirin görünmədiyi qeyd edilən bəyanatda BAEA rəhbəri Rafael Mariano Qrossinin fikirlərinə də yer verilib.

Qrossi radioloji qəzaların qarşısının alınması üçün tərəfləri maksimum təmkinli olmağa çağırıb və Yaxın Şərqdəki milli nüvə təhlükəsizliyi qurumları ilə daim təmasda olduqlarını, hələlik radiasiya artımına rast gəlinmədiyini bildirib. O, hərbi münaqişə zamanı regional nüvə təhlükəsizliyinin qorunmasının son dərəcə vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, martın 2-də İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ və İsrailin Natanzdakı nüvə obyektinə iki dəfə hücum təşkil etdiyini açıqlamışdı. Agentlik isə dünənki açıqlamasında Natanzda bəzi zədələnmələri təsdiqləsə də, bunun radioloji nəticə doğurmayacağını qeyd etmişdi.

Chosen
111
afn.az

1Sources