EN

İran iki gəminin Hörmüz boğazından keçməsinə icazə verib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib ki, rəsmi Tehran dost ölkələrə məxsus iki gəminin Hörmüz boğazından keçidinə icazə verib.

Editor.az bu barədə xarici mediaya istinadən məlumat yayıb.

SEPAH-ın sözçüsü qeyd edib: “Qarşıdurmanın üçüncü günündə İranın icazə və razılığı əsasında yalnız dost ölkələrə məxsus iki gəminin keçidinə şərait yaradılıb”.

Onun sözlərinə görə, münaqişənin ilk günündə İran qüvvələri iki tankeri hədəfə alıb, növbəti gün isə ABŞ-ın Hörmüz boğazından keçməyə təşviq etdiyi bir neçə gəmi vurulub. Hərbi sözçü bildirib ki, İranın müəyyən etdiyi qaydaları pozan gəmilər zərbəyə məruz qalıb.

Dəniz Qüvvələrinin nümayəndəsi əlavə edib ki, müharibənin dördüncü günündən etibarən Hörmüz boğazından heç bir keçid qeydə alınmayıb.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hava zərbələri endirməsindən sonra Hörmüz boğazından keçən nəqliyyat axını demək olar ki, tamamilə dayanıb. Tehran martın 4-də boğazın bağlandığını elan edib.

Hörmüz boğazı Fars körfəzindən neft, təbii qaz və digər xammalın ixracı üçün strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biridir. SEPAH gəmiləri raket və ya pilotsuz uçuş aparatları ilə zərbələrə məruz qalmamaq üçün müəyyən qaydalara əməl etməyə çağırıb. Nəticədə boğazda 10-dan çox neft tankerinə hücum edildiyi bildirilir.

//Gülnarə Abasova, Editor.az

Chosen
118
50
editor.az

10Sources