Səhhətində ciddi problemlər yaranan Azərbaycan millisinin və “Neftçi”nin sabiq yarımmüdafiəçisi Kamal Quliyev yenidən xəstəxanaya yerləşdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə qol.az-a açıqlamasında veteran futbolçu özü məlumat verib.
O, artıq dörd gündür ki, AFFA-nın dəstəyi ilə Sumqayıt şəhərindəki klinikalardan birində müalicə aldığını bildirib:
“Bütün analizlər yenidən təkrarlanır. Gün ərzində sistemlər vurulur, dərmanlar qəbul edirəm. Klinikada mənə çox yaxşı baxırlar. Onlara təşəkkür edirəm. Hələ ki, hər şey normal gedir. Görək sonu necə olacaq”.
K.Quliyev qeyd edib ki, müalicəsi bitdikdən sonra əməliyyat oluna bilər: “Hər şey Allahın əlindədir, möcüzə də baş verə bilər. Məndə qaraciyər sirrozu idi. İki kurs müalicə olundum. Həkimlərin dediyi kimi pəhriz saxladım. Əməliyyata qədər yenidən müalicə olunmalıyam. Müalicənin sonunda analizlər olacaq və həkimlərin qərarı bilinəcək. Ümidimi üzmürəm, Allah hamının köməyi olsun, o cümlədən də mənim”.
K.Quliyev ona maddi və mənəvi dəstəyini göstərən insanlar haqda da danışıb: “Mən AFFA-ya təşəkkürümü bildirirəm. Çünki mənim müalicəmi federasiya öz üzərinə götürüb. Burdan AFFA prezidentinə, baş katibə və bütün rəhbərliyə təşəkkür edirəm. Nə yaxşı ki, Azərbaycan futbolunun başında belə insanlar var. Keçmişi unutmurlar. Keçmişi unudan gələcəyə baxa bilməz. İnsan özünü güvəndə hiss edəndə, arxalandığı yerin olduğunu biləndə çox xoşbəxt olur. Görürsən ki, illərini əbəs yerə Azərbaycan futboluna həsr etməmisən. Çünki bu gün sənə sahib çıxan belə bir qurum, səni tək buraxmayan belə insanlar var. Hamısına öz təşəkkürümü bildirirəm.
Başda Qurban Qurbanov olmaqla keçmiş komanda yoldaşlarıma minnətdaram. Mənim ilk müalicəmdə çox kömək etdilər. Qurban Qurbanov bu günə qədər də köməyini əsirgəmir. Özü xahiş etdi ki, bunu heç kimə deməyim. Amma qoy bəzi nadanlar, alçaqlar, illərlə bir qabdan çörək yediyimiz, çiyin-çiyinə mübarizə apardığımız insanlar bilsinlər ki, həyatda Qurban kimi kişilər var. Ramiz Məmmədov, İlham Yədullayev, Ayxan Abbasov, Kənan Kərimov, Zaur İsmayılov, Vadim Vasilyev, Arif Əsədov, Yunis Hüseynov, Ruslan Abışov, “Sumqayıt” və “Neftçi” klubları başda rəhbərlik olmaqla ilk gündən yanımda idilər. “Neftçi”nin sürücüsünə qədər mənimlə maraqlandı, dəstək oldu. Hamısını bağrıma basıram. Adlarını unuda biləcəyim dostlar da var ki, hamısına təşəkkür edirəm. Çünki indi o vəziyyətdə deyiləm. yadımdan çıxan ola bilər”.
K.Quliyev bildirib ki, bu çətin gündə ona üz çevirən insanlar da olub: “Bəlkə də, Allah məni sınağa çəkir, bu dünyada yalançı dostları imtahan edir. Dostlar, yoldaşlar dar gündə tanınar. Kişilər çətin gündə üzə çıxar. Nakişilər isə qaçıb gizlənər. Həqiqədən də bu söz çox düzgün imiş. Onun üçün hər şey etdiyim, evimi belə verdiyim insanlar var ki, məni darda qoydu. Onsuz da onları futbol ictimaiyyəti yaxşı tanıyır. Amma qoy elə adlarını çəkməyim, sirr olaraq qalsın. Mən bu barədə danışmağa, adlarını çəkməyə utanıram, amma onlar rahatdırlar. Yəqin ki, bu imtahandan üzüağ çıxaram. İnanıram ki, o insanlara görə bu sınaqdan keçəcəm”.