Alyans ABŞ-nin İrana qarşı əməliyyatları fonunda 5-ci maddənin istifadəsini istisna etmir...
Poliqon xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Newsmax telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, alyans mümkün təhlükələrə qarşı hazır vəziyyətdədir və NATO müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqi ehtimalını nəzərdən keçirir.
Rütte qeyd edib ki, NATO-nun hazırkı əsas məqsədi alyansın bütün üzv dövlətlərinin ərazisinin təhlükəsizliyini təmin etməkdir. O vurğulayıb ki, təşkilat istənilən ssenariyə hazır olmaq üçün əvvəlcədən planlaşdırma aparıb və müttəfiq ölkələrin müdafiəsi üçün bütün zəruri tədbirləri görür.
“Biz buna hazırlaşmışıq. Hazırda NATO çərçivəsində gördüyümüz iş alyans ərazisinin hər qarışının qorunmasını təmin etməkdir”, – deyə Mark Rütte bildirib.
Baş katib əlavə edib ki, NATO rəhbərliyi 5-ci maddənin nə vaxt tətbiq oluna biləcəyi ilə bağlı konkret vaxt çərçivəsini qəsdən açıqlamır. Onun sözlərinə görə, bu qeyri-müəyyənlik strateji səbəblərlə saxlanılır və mümkün rəqiblərin alyansın planları haqqında daha çox məlumat əldə etməsinin qarşısını almağa xidmət edir.
Rütte vurğulayıb ki, əgər NATO müqaviləsinin 5-ci maddəsinin tətbiqi barədə qərar qəbul olunarsa, bu barədə rəsmi açıqlama veriləcək. Xatırladaq ki, sözügedən maddə alyans üzvlərindən birinə edilən silahlı hücumu bütün üzv dövlətlərə qarşı hücum kimi qiymətləndirir və kollektiv müdafiə tədbirlərinin görülməsini nəzərdə tutur.
Poliqon.info