EN

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim edib. 

AHİK-in, üzv və tabe təşkilatların rəhbərliyinin, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorlarının, tələbə həmkarlar ittifaqı komitələri sədrlərinin və tələbələrin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri birdəqiqəlik sükutla yad edilib.

Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmalarına, keyfiyyətli təhsil almalarına və cəmiyyətin fəal üzvünə çevrilmələrinə geniş imkanlar yaradıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksəkixtisaslı kadr kimi formalaşmaları və ictimai-siyasi həyatda rollarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət, idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi vurğulanıb. Çıxışda həmçinin gənclərin sosial müdafiələrinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensiallarının inkişaf etdirilməsi istiqamətində AHİK tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib. Bildirilib ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan "Həmkarlar ittifaqı təqaüdü" proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarının, eləcə də yaradıcılıq qabiliyyətlərinin inkişafına xidmət etdiyini bildirib. O, "Həmkarlar ittifaqı təqaüdü" proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili isə tələbələrin həmkarlar ittifaqları sıralarında fəallıqlarından, onların istirahət və asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlərdən danışıb. 

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş edilib.

Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasında yüksək akademik göstəricilər əldə edən və tələbə həmkarlar ittifaqı hərəkatında fəallıq göstərən 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub.

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Chosen
10
11
azerbaijan-news.az

10Sources