EN

Alimlər sağlam uzunömürlülüyün əsas təhlükəsini açıqladı » AzadMedia.az


Alimlər sağlam və uzun ömür sürməyə ən böyük təhlükələrdən birinin tənhalıq olduğunu bildiriblər. Bu barədə RIA Novosti agentliyinə Tokio Metropoliten Sağlam Uzunömürlülük Araşdırmaları Mərkəzinin mütəxəssisləri məlumat veriblər.
Mərkəzin mütəxəssislərinin sözlərinə görə, tənhalıq və sosial izolyasiya yaşlı insanların rifahı üçün ciddi risk yaradır. Onlar qeyd ediblər ki, sosial əlaqələrin olmaması sağlam və uzun ömür sürməyə mane olan əsas amillərdən biridir.
Ekspertlər bildiriblər ki, sağlam həyat müddətinə bir çox faktor təsir edir. Bunlara fiziki aktivlik və düzgün qidalanma daxildir. Lakin sosial əlaqələr də eyni dərəcədə vacib rol oynayır.
Mütəxəssislər xatırladıblar ki, Yaponiyada tarixən yerli icmalarla müxtəlif qarşılıqlı əlaqə formaları mövcud olub. Məsələn, qonşular birlikləri və digər ictimai fəaliyyət növləri geniş yayılıb. Onların fikrincə, məhz bu cür sosial münasibətlər ölkədə sağlam uzunömürlülüyün yüksək səviyyədə olmasının səbəblərindən biri ola bilər.
Araşdırma müəllifləri əlavə ediblər ki, müasir həyat tərzi insanların davranışlarını dəyişir. Bir çox insanlar artıq şəxsi ünsiyyət olmadan da gündəlik işlərini görə bilirlər, məsələn, alış-verişi internet vasitəsilə edirlər. Eyni zamanda, ünsiyyəti yük kimi qəbul edən insanların sayı da tədricən artır.
Ekspertlər “zəif sosial əlaqələrin” qorunmasının vacibliyini də vurğulayıblar. Bu isə o deməkdir ki, insanın ətrafındakı insanlarla tez-tez görüşməsə belə, müəyyən səviyyədə əlaqəni saxlaması faydalıdır.
Qeyd edək ki, Yaponiya dünyada ən yüksək orta ömür uzunluğuna malik ölkələrdən biridir və eyni zamanda əhalinin yaş strukturuna görə ən “yaşlı” ölkələrdən sayılır. Rəsmi məlumatlara görə, ölkədə orta ömür uzunluğu qadınlarda təxminən 87 il, kişilərdə isə 81 il təşkil edir. Əhalinin təxminən 30 faizi 65 yaşdan yuxarı, 16 faizi isə 75 yaşdan yuxarıdır.
Chosen
16
1
azadmedia.az

2Sources