EN

Tarixdə qalan məşhur kitabxanaçı qadınlar

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kitabın keşiyində duranlar

Təqvimdə 8 Mart dünya qadınlar günü kimi qeyd olunur. Bir yaz gününün qadınlara həsr edilməsi bəlkə də təsadüfi deyil. Necə ki, təbiət hər bahar yenilənir, torpaq oyanır, çiçəklər açır, eləcə də qadınlar həyatın başlanğıcı, ailənin dayağı, cəmiyyətin mənəvi sütunudur. Yaz çiçəyi kimi dünyanı bəzəyən qadın gülüşü, sevgi və mərhəməti ilə həyata işıq saçır. Kitabxanaçı qadın isə həm də elm, bilik işığını yandıran çıraqdır. Onun varlığı kitabxanaya ruh, kitablara nəfəs, oxucuya isə ümid verir.

Ömrünü kitablara bağışlayan, qoruduğu kitablardan daha az yaşayan kitab adamıdır kitabxanaçı. Ömrü-günü kitablar arasında keçən, həyatı kitab səhifələrinə çevrilən, yaşadığı günlərin sayı kitab səhifələrindən az olan, lakin yaşadıqca özü də bir kitab kimi zənginləşən insanlardır kitabxanaçılar. Çox vaxt dəyəri layiqincə verilməsə də, zamanın dəyişən küləklərinə boyun əyməyən, müqəddəs saydıqları peşəni sədaqətlə yerinə yetirən, yorulmağı, usanmağı, bezməyi özlərinə yaraşdırmayan fədakar insanlardır kitabxanaçılar. Onlara əmanət edilən kitabları qoruyur, mühafizə etdikləri kitablar kimi öz mənəvi dəyərlərini də saf və ləkəsiz saxlamağı bacarırlar. İllər keçdikcə sanki özləri də kitablaşırlar. Hər gün oxucu ilə təmasda olmaq, hər səhifədə bir düşüncə ilə qarşılaşmaq kitabxanaçı ruhunu qidalandırır, ona müdriklik, mənəvi zənginlik bəxş edir. Kitab səhifəsi kimi ləkə götürməyən paklığın, səbir və təmkinin rəmzinə çevrilirlər. Onlar zəhmətini, gözünün nurunu müqəddəs kitaba fəda edən, dünyanın hay-küyündən uzaq bir guşədə keçmişin səsini qoruyub saxlayan, onu gələcəyə ötürməyə çalışan səssiz, sadə, təmənnasız qəhrəmanlardır. Kitabxanaçı sadəcə kitab verən və ya qəbul edən şəxs deyil, o, biliklə insan arasında körpüdür, doğru kitabı doğru oxucu ilə görüşdürən incə zövq sahibidir. O, bəzən bir gəncin həyat yolunu dəyişən tövsiyənin müəllifi, bəzən bir uşağın ilk mütaliə sevincinin şahidi, bəzən də ömrünün payız çağını yaşayan bir insanın ən sədaqətli həmsöhbətidir. İlahi kitabın müqəddəsliyinə inanaraq hər kitabı bir xəzinə bilən, Tanrının “Oxu!” əmrini özünə şüar seçən insanlar məhz onlardır. Onlar sözün keşiyində duran, düşüncənin sərhədlərini qoruyan, biliyin səssiz mühafizəçiləridir.

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində qələmə aldığım bu yazı məşhur kitabxanaçı qadınlardan biri, mənim mənəvi müəllimim Tamilla İsmixanovanın xatirəsinə ithaf olunur.

Qərbi Azərbaycanın tanınmış müəllimi, dəyərli pedaqoq Əşrəf Bayramovun ailəsində dünyaya göz açmış Tamilla İsmixanovanı tanıyanlar onun Azərbaycan qadınına xas olan ən ümdə xüsusiyyətləri daşımaqla yanaşı, həm də nümunəvi rəhbər, bacarıqlı təşkilatçı olduğunu yaxşı bilirlər. Kitabxana sahəsində tanınmış ziyalılardan olan Tamilla xanım həm də mərd, cəsur, olduqca qətiyyətli və qeyrətli bir xanım kimi milli-mənəvi dəyərlərə sadiq, sözübütöv, insanpərvər, el-oba təəssübkeşi olaraq da şöhrət qazanmışdı. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş Tamilla xanım uzun illər Azərbaycan Ensiklopediyasının redaksiyasında Rəsul Rzanın rəhbərliyi altında çalışmışdır. Sonralar səhhətindəki problemlərlə əlaqədar ali təhsil müəssisələrindən birinin kitabxanasında fəaliyyətini davam etdirən Tamilla xanım işlədiyi müəssisədə yerdə əyləşib kitabların tozunu sildiyi zaman o vaxtlar Azərb.SSR Ali Sovetinin sədri Elmira Qafarovanın diqqətini cəlb edir. Və taleyin xoş təsadüfü nəticəsində təhsil sistemi kitabxanalarının metodik mərkəzi olaraq yaradılmış Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına rəhbər təyin olunur və qırx il həmin müəssisəyə rəhbərlik edir. Kitaba və kitabxanalara xüsusi sevgisi ilə yaddaşlarda iz qoymuş Tamilla xanım rəhbərlik etdiyi müəssisədə uşaqdan böyüyə hər kəsin hörmətini qazanmışdı. Azərbaycan kitabxanaçıları cəmiyyətində xüsusi nüfuzu ilə fərqlənən Tamilla xanımın rəhbərlik etdiyi kollektivdə də ondan narazı bir nəfər tapmaq olmazdı. Onun rəhbərlik etdiyi müəssisə respublika kitabxanaları arasında istər səliqə-səhmanı, istərsə də elmi fəaliyyətilə fərqlənirdi. Kitabxananın qapısından içəri girən hər kəs Tamilla xanımla tanış olduğu zaman burada onun xüsusi dəsti-xətti olduğunu hiss edirdi. Tabeliyində olan hər kəsə əvvəlcə bir ana, daha sonra bir əməkdaş kimi yanaşan Tamilla xanım sosial idarətemə qanunlarını bilən nadir liderlərdən idi. Mən bəzən idarəetmə ilə bağlı kitablar oxuyarkən onun bu kitablarda yazılanları necə doğru tətbiq etdiyini heyrətlə seyr edərdim. O, təhsil sahəsində çalışan kitabxanaçılarının hüquqlarını bacardığı qədər müdafiə etməyə çalışar, təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması, uşaq mütaliəsinin səmərəli təşkili üçün təkliflər verər, öz təşəbbüsləri ilə hər zaman yeni nəslin ömürboyu təhsilinin təşkilinin formalaşmasında məktəb kitabxanalarının nə qədər böyük rolu olduğunu ön plana çəkməyə çalışardı. Onun tərəfindən hazrlanmış metodik vəsaitlər, tövsiyə nəşrləri, bülletenlər, keçirilmiş seminarlar, konfranslar kitabxanaçıların bilik və bacarıqlarının artırılmasına xidmət etməklə yanaşı, həm də uşaq mütaliəsinin təşkili və məktəb kitabxanalarının problemlərinin həllinə istiqamətlənmişdi. Ona görə də kitabxanaçı kadrlar daima ondan öyrənməklə yanaşı həm də onun əzminin və mübarizəsinin pərəstişkarı idilər. Tamilla xanım, eyni zamanda gözəl ailə başçısı, qayğıkeş ana və mehriban nənə idi. Uzun illər rəhbər vəzifədə çalışsa da bir xanım kimi bişirdiyi yeməyin özünəməxsus dadı, gördüyü hər bir işin mükəmməl nəticəsi olardı. Yüz qız gəlinin içində onun hazırladığı şəkərbura xüsusi naxışları ilə göz oxşayardı. Mərd, sözübütöv, dəyanətli, və qorxmaz xasiyyətini görüb “kişi kimi qadınsınız, Tamilla xanım!” deyənlərin sözündən əsəbiləşib “xahiş edirəm qadınları təhqir etməyin, məgər qadın zəif məxluqdur?” deməklə qadınlıq qürurunu yüksək tutması onun xüsusilə ali cəhətlərindən idi. O, səssizliyi ilə müdriklik öyrədir, təmkinli davranışı ilə örnək olur, qayğıkeş münasibətilə həmkarlarının və oxucuların qəlbində iz qoyurdu. Onun ömrü kitab səhifələri kimi sakit, amma məzmunlu keçdi. Bu gün onun əməyi oxucularının yaddaşında, qoruduğu kitabların səssiz nəfəsində və davam edən mütaliə ənənəsində yaşayır. Belə insanlar unudulmur — çünki onlar öz ömürlərini başqalarının düşüncəsinə işıq tutmaq üçün sərf edirlər.

Bu bayram münasibətilə Tamilla xanımın timsalında bütün kitabxanaçı xanımların əməyinə, zəhmətinə və sədaqətinə ehtiramımı bildirirəm.

Bu müqəddəs peşənin bütün daşıyıcılarına ehtiramla!

Səyyarə Məmmədova

Azərbaycan Milli Elmlər Akademiyası

Mərkəzi Elmi Kitabxana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
icma.az

1Sources