EN

Elşad Musayev ixtisarlardan danışdı: “İnsanları narazı salmaq olmaz”

“Bir sıra qurumlarda ciddi ixtisarlar həyata keçirilir. Bu ixtisar nəticəsində də müxtəlif kateqoriyalı insanlar işsiz qalırlar. Bir şeyi nəzərə alaq ki, indiki iqtisadi baxımdan gərgin dövrdə bu məsələlərə xüsusi diqqətlə yanaşılmalıdır. İxtisara salmaq çıxış yolu deyil. Eyni zamanda işdən çıxan insanlara dolanışığını təmin etmək üçün yeni iş yerləri verməliyik. Hətta ixtisar adı altında xadimələr də ixtisara gedir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial məsələlər komitəsinin sədr müavini Elşad Musayev Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanovanın səsləndirdiyi “Ölkədə kütləvi ixtisarlar gedir, işsizlik sürətlə artır və xüsusilə aşağı kateqoriyalı işçilər bu prosesdən təsirlənir. Azəriqazda 80 xadimə imtahan verə bilmədiyi üçün işdən çıxarılıb” fikrə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, bütün bu işlər əsaslandırılmış formada olmalıdır: “İnsanlarımızın işlə təmin olunma məsələsinə, sosial müdafiəsinə xüsusi diqqət yetirməliyik. İndiki dövrdə bilirsiniz ki, dünyada gərginlik var. Belə olan halda insanları narazı salmaq olmaz. Hamının borcu, vəzifəsi ölkənin daxilində sabitliyi qorumaqdır. Sabitliyi qorumaq üçün də idarə, müəssisə rəhbərləri hadisələrə diqqətlə yanaşmalı, vəziyyəti ölçüb biçməlidirlər. Təəssüflər olsun ki, hamıda belə dövlətçilik məsuliyyəti olmur”.

 

Şəhanə Quliyeva

Tarix: 5 Mart 2026, 09:57   
Chosen
110
1
pravda.az

2Sources