EN

Ədəbiyyatşünaslığımızın əbədiyaşarı

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-i görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayevin doğum günüdür.

AZƏRTAC AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin mərhum alim haqqında xatirə yazısını təqdim edir.

Onunla ilk dəfə iş otağında tanış oldum. Çox da böyük olmayan, amma yetərincə səliqəli kabinetində şəffaf lövhə üzərində iki kəlmə yazılmışdı: “Vaxt sərvətdir!”

Bu müdrik sözlərdən diqqətimi yayındıra bilmirdim. Xəyalımdan ani olaraq belə bir fikir keçdi: “İnsanın sağlığında vaxt sərvətini hesablamaq mümkünsüzdür”. Tez də fikrimi dəyişdim; müdrik kəlmələr görüş müddəti üçün nəzərdə tutulub. O, gözlərimi şəffaf lövhəyə zillədiyimi görüb astaca, lövhədəki yazı sizə aid deyil – dedi. İş üçün qəbuluna gəldiyim şəxs Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Yaşar Qarayev idi. Onunla görüşümüz 1986-cı ilin Novruz bayramı ərəfəsinə təsadüf edirdi. Gəlişimin məramı ilə tanış olduqdan sonra Yaşar müəllimin mənə ilk sualı belə oldu: Yazılarından mətbuatda çap olunanı varmı? Bəli – dedim. C.Cabbarlının kitablarına salınmış üç felyetonun ədibə aid olmadığını isbatlamağa çalışdığım “Cabbarlının “məqalələri” adlı yazım 1985-ci il noyabrın 29-da “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmişdi... Digərlərini də sadalamağa hazırlaşanda məni dayandırdı və təəccüblə soruşdu: O məqaləni sən yazmısan?!

Dörd ay əvvəl çap olunmuş məqaləmin Yaşar müəllimin yaddaşında qalması məni çox sevindirdi və astaca sualını təsdiqlədim. Azacıq fikrə getdi və sonra dedi: Asif, belə yazılardan nə qədər çox yazsan, Ədəbiyyat İnstitutuna gəlişin də bir o qədər də asan və qısa olacaqdır.

Müdrik deyim idi. Əslində, işə qəbulun kəsə yolunun yaradıcılıqdan, sanballı elmi məqalələrdən keçdiyini nişan verirdi. Doğrusu, bu yol o qədər də asan və kəsə deyildi...

Bir neçə aydan sonra Yaşar müəllim institutun direktor vəzifəsini icra edən, ardınca isə direktor təyin edildi. Müvafiq boş yerlərə ilk qəbulu müsabiqə yolu ilə keçirdi. Komissiya üzvləri baş laborant vəzifəsini tutmaq üçün iddiaçıları sual atəşinə tuturdular. Müsabiqə bitdikdən sonra nəticəni həyəcanla gözlədiyimiz dəqiqələrdə məni ilk təbrik edən də Yaşar müəllim olmuşdu.

Beləliklə, 1988-ci il yanvarın 18-dən Ədəbiyyat İnstitutunda fəaliyyətə başladım. Yaşar müəllim çox müdrik, mədəni, təmkinli, xeyirxah insan idi. Azərbaycan ədəbiyyatını ən qədim dövrdən çağdaş günümüzədək bütün mərhələlərini mükəmməl bilirdi. Folklorumuzu çox sevirdi. Yaşar Qarayev tənqidi – poetik tənqiddir. Başqa sözlə, poetik tənqidimizin banisi Yaşar Qarayev idi. Nitqi mükəmməl, rəvan və obrazlı olardı. Cümlələrində daxili qafiyə, bənzətmə bolluq təşkil edərdi. Ən sərt fikri cazibədar, metaforik libasda təqdim etməyi bacarırdı.

On dörd il onun rəhbərliyi altında işlədim. Yaşar müəllimi həyatımda, fəaliyyətimdə direktor olmaqdan daha çox böyük qardaş kimi görürdüm. 1989-cu ildə yenicə işıq üzü görmüş “Meyar şəxsiyyətdir” kitabını avtoqrafla mənə bağışladı. Avtoqrafda yazırdı: “Daxili – mənəvi mədəniyyətinə böyük hörmət etdiyim, elmi gələcəyinə inandığım, ümid bəslədiyim əziz Asifə! Mən bütün elmi gəncliyimizi belə sadə, belə zəhmətkeş görmək istərdim, Asif! Yaşar. 14 mart 1989”.

Yaşar müəllimlə bağlı saysız-hesabsız xoş xatirələrim var. 1990-cı ildə İçərişəhərdə yaratdığı Folklor Elmi-Mədəni Mərkəzinə (İndiki Folklor İnstitutuna) məni direktor təyin etdi. Onun təşkilatçılığı və rəhbərliyi ilə 1991-ci ilin aprel-may aylarında Ankarada beynəlxalq simpoziumda məruzə etdim. İlk kitabıma (1992) ön sözü də o yazıb. 1994-cü ilin sentyabr ayında Yaşar müəllimin təşəbbüsü ilə İraqa gedən nümayəndə heyətinin tərkibinə mən də daxil edilmişdim, 1995-ci ildə onun qayğısı nəticəsində Tehran konfransında təmsil olunmuşdum və s.

Yaşar Qarayev 27 yaşında namizədlik, 43 yaşında doktorluq müdafiə edib, 44 yaşında Dövlət mükafatı laureatı, 46 yaşında Əməkdar elm xadimi idi. Onun rəhbərliyi ilə İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Rəhim Əliyev, Məhərrəm Qasımlı, Aydın Dadaşov, Tahirə Məmməd, İsfəndiyar Vahabzadə, Məryəm Əlizadə, Rüstəm Kamal, İsrafil İsrafilov, İsmayıl Vəliyev, İlham Rəhimli, Rahid Ulusel, Əziz Ələkbərli və başqa görkəmli alimlər yetişib.

1998-ci ildə akademiklər Firudin Köçərli və Bəkir Nəbiyev Əməkdar elm xadimi Yaşar Qarayevin AMEA-nın müxbir üzvlüyünə namizədliyini irəli sürürlər, lakin baş tutmur. O, dörd il sonra, 2002-ci ildə, vəfatından bir neçə ay əvvəl AMEA-nın müxbir üzvü seçilir...

Yaşar müəllim Qarabağa sıx bağlı insan idi, Qarabağ ağrısını-acısını ürəyində daşıyırdı. O, 2000-ci ilə infarktla daxil oldu. 2002-ci ilin yayında daha bəd xəstəlik Yaşar müəllimin yaxasından yapışdı. İnstituta rəhbərliyi Teymur Kərimliyə tapşıraraq məzuniyyətə (müalicəyə) getdi. Heç kəs inanmazdı ki, o, işə qayıtmayacaq... 2002-ci il 25 avqust, səhər saat 6-da telefonuma zəng gəldi. Zəng edən Yaşar müəllimin həyat yoldaşı Esmira xanım idi. Boğuq səslə Yaşar müəllimin vəfat etdiyini bildirdi...

Mərkəzi Klinikanın reanimasiya otağında Yaşar müəllim tək idi. Uzun müddət yuxusuzluqdan əzab çəkən dahi şəxsiyyət, ədəbiyyatşünaslığımızın əbədiyaşar filosof alimi elə bil yuxuya getmişdi... elə bil zamansızlıq uyğusuna qovuşmuşdu...

Chosen
140
azertag.az

1Sources