“Bizim üçün bütün yarışlar önəmlidir. Hər bir turnirdə qarşımıza maksimum hədəflər qoyuruq. Çempionatı da, kuboku da qazanmaq istəyirik. Bu səbəbdən də “Şamaxı” ilə görüş vacib idi. İlk matçda hesab xeyrimizə olmasa da, yekunda iki oyunun nəticəsi üzümüzü güldürdü. Yaxşı oynadıq, layiqli olaraq yarımfinaldayıq”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, matçın sonlarında “Qarabağ”ın qapısına penalti təyin olunmasına belə münasibət bildirib: “Futbolda hər şeyə hazır olmaq lazımdır. Əgər rəqib penaltini dəqiq yerinə yetirsəydi, əlavə vaxta gedəcəkdik. Belə oyunlarda hər bir epizod önəm daşıyır”.
“Yarımfinalda “Sabah”, yoxsa “Qəbələ” ilə qarşılaşmaq istəyirsiniz” sualını Borges belə cavablandırıb: “Ciddi fərqi yoxdur. Qarşıda bizi finala çıxmaq üçün iki matç gözləyir. Hədəfimiz kuboku qazanmaqdır. Finalda oynamaq istəyirik”.
Braziliyalı yarımmüdafiəçi “Qarabağ”ın mövsümü qızıl dublla bitirmək ehtimalına da toxunub: “Əvvəl də dediyim kimi, futbolda hər şey mümkündür. Niyə də yox?! Biz bunu bacararıq”. Qol.az