EN

İran rejiminin xain xisləti: Naxçıvan hava limanının vurulması Azərbaycanda qəzəb doğurdu

İranın pilotsuz uçuş aparatları və raketləri ilə Naxçıvan istiqamətində zərbələr endirməsi Azərbaycanda böyük qəzəb və hiddətlə qarşılanıb. Musavat.com xəbər verir ki, İran tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanına raket zərbələrinin endirilməsi artıq görüntülər və videolarla təsdiqlənmiş faktdır.

Hadisə nəticəsində hava limanı terminalında dağıntılar meydana gəlib. Sosial şəbəkələrdə yayılan fotolarda və videolarda terminalın daxilində tavan konstruksiyalarının zədələndiyi, şüşələrin sındığı və obyektin müxtəlif hissələrində dağıntıların olduğu açıq şəkildə görünür. Məlumata görə, hava limanı ərazisinə ən azı üç raket zərbəsi endirilib. Xoşbəxtlikdən hadisə zamanı insan tələfatı qeydə alınmayıb, lakin obyektə ciddi maddi ziyan dəyib.

Baş verən hadisədən sonra Naxçıvana istiqamətlənən bəzi təyyarələrin geri qayıtması və uçuşların müvəqqəti məhdudlaşdırılması da müşahidə olunub. Bu isə hücumun regionda mülki aviasiya təhlükəsizliyi üçün də ciddi risk yaratdığını göstərir.

Bu hadisə xüsusilə ona görə kəskin reaksiyaya səbəb olub ki, Azərbaycan İranla münasibətlərdə daim ehtiyatlı və konstruktiv siyasət yürüdüb. Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə oluna bilməz və rəsmi Bakı regionda gərginliyin artmasının tərəfdarı deyil.

Bunun ən bariz nümunələrindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin son hadisələr fonunda İran səfirliyinə baş çəkməsi və İranın ali dini liderinin öldürülməsi ilə bağlı diplomatik jest olaraq başsağlığı verməsi idi. Bu addım Azərbaycanın qonşuluq siyasətinə və diplomatik etikaya sadiqliyinin göstəricisi kimi qiymətləndirilmişdi.

Lakin buna baxmayaraq, İranın Naxçıvan hava limanını raketlərlə vurması Tehran rejiminin siyasi davranışında mövcud olan ikiüzlü və ziddiyyətli xəttin növbəti təzahürü kimi qiymətləndirilir. Bir tərəfdən diplomatik jestlər qəbul edilir, digər tərəfdən isə Azərbaycan ərazisində yerləşən mülki obyektlər hədəfə alınır.

Məlumatlara görə, İranın regionda həyata keçirdiyi hücumlar yalnız Naxçıvanla məhdudlaşmayıb. Dünən Türkiyə istiqamətində də raket atıldığı dəqiqdir və bununla bağlı Türkiyənin rəsmi dairələrinin Tehrana sərt xəbərdarlıq etdiyi də ortadadır.

Naxçıvan hava limanının vurulması hadisəsi Azərbaycan ictimaiyyətində İran rejiminə qarşı ciddi narazılıq və qəzəb yaradıb. Bir çox siyasi şərhçilər hesab edir ki, bu hadisə İranın region ölkələrinə münasibətdə apardığı siyasətin mahiyyətini bir daha ortaya qoyur.

Bizə görə (Musavat.com), Naxçıvan kimi strateji və mülki infrastruktura sahib bir obyektin hədəfə alınması yalnız hərbi deyil, həm də siyasi mesaj xarakteri daşıyır və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

Hadisə Azərbaycan cəmiyyətində İran rejiminin davranışları ilə bağlı çox sərt reaksiyalara səbəb olub və bu məsələ yaxın günlərdə region siyasətinin əsas müzakirə mövzularından biri kimi qalacağı gözlənilir.



R. A.
Musavat.com

Chosen
60
33
musavat.com

10Sources