EN

İran savaşının üzə çıxardığı gerçək-ABŞ-nin müttəfiqi olmaq təhlükəlidir!

“Armenianreport” portalında dərc olunan geniş təhlildə İran – ABŞ - İsrail savaşında Vaşinqtonun müttəfiqlərinin hədəfə alınmasına diqqət çəkilir. Nəşr yazır ki, regiondakı Amerika obyektlərinin hədəfə alınması onilliklərdir formalaşmış “birtərəfli üstünlük” modelini sarsıdır.

Musavat.com-un məlumatına görə, məqalədə qeyd olunur ki, uzun illər bir çox ölkələr təhlükəsizliklərini ABŞ-la strateji ittifaqın böhran anında avtomatik hərbi müdafiə təmin edəcəyi fərziyyəsi üzərində qurublar. Lakin son hadisələr göstərir ki, ABŞ-nin regiondakı mövcudluğu mütləq toxunulmazlıq anlamına gəlmir. Hətta Amerika hərbi bazalarının belə hücuma məruz qalması Vaşinqtonun zəifləməsi deyil, amma onun imkanlarının və siyasi iradəsinin sərhədlərinin mövcudluğunu nümayiş etdirir.

ABŞ uzun illər Yaxın Şərqdə hərbi-siyasi dominant aktor olub və bir çox ölkələr öz təhlükəsizlik strategiyasını Vaşinqtonun “çətiri” altında qurub. Əlbəttə ki, Vaşinqton qlobal güc olaraq qalır, amma hər hücuma total müharibə ilə cavab vermək siyasi və iqtisadi baxımdan mümkün deyil. Bu, xüsusilə kiçik və orta dövlətlər üçün ciddi siqnaldır. ABŞ-la müttəfiqlik hələ də ciddi üstünlükdür, lakin eyni zamanda həmin ölkəni qarşı tərəfin hədəf siyahısına da daxil edə bilər. Yəni “təhlükəsizlik çətiri” bəzən “risk maqnitinə” çevrilə bilir. Nəticə etibarilə, region ölkələri üçün optimal model təkqütblü asılılıq deyil, çoxvektorlu və balanslaşdırılmış xarici siyasətdir. Mövcud proseslər göstərir ki, geosiyasətdə sabit olan yalnız dəyişkənlikdir.

Picture

Ekspertlərimiz bu təhlilləri bölüşürmü? Doğrudanmı ABŞ ilə müttəfiqlik risklidir? Yoxsa ikitərəfli münasibətlərdə sərhədlərin qoyulması sığortalanmaq üçün əsasdır?

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında öncə bildirib ki, ABŞ kimi bir super güclə müttəfiqlik hər bir dövlət üçün üstünlükdür: “Ancaq Rusiya - Ukrayna savaşı başlanandan üzə çıxan reallıq da göstərdi ki, bu, qətiyyən həmən dövlətin bütün təhlükələrdən sığortalandığı anlamı daşımır. Və hər bir dövlət kimi ABŞ də ilk növbədə öz maraqlarından çıxış etdiyindən, bəzən bu maraqlar müttəfiqlik öhdəliyini də kölgədə qoya, ya unutdura bilir. Ona görə də əgər hər hansı bir dövlət təhlükəsizliklərdən sığortalanmaq istəyirsə, ilk növbədə güclü olmalı, indiki dövrdə isə hərbi potensialını mümkün çərçivədə artırmalıdır”. S.Alıyev digər məqama da diqqət çəkib: “Eyni zamanda yenə də mümkün çərçivədə ancaq öz milli maraqlarına dayanan balanslı siyasət yetirməlidir ki, biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin başsağlığı üçün İranın Bakıdakı səfirliyinə baş çəkməsində də bunu gördük. Gördük ki, dövlətimiz beynəlxalq hüququn və ölkələrin suverenliyinin pozulması, onların daxili işlərinə müdaxilənin yolverilməzliyi ilə bağlı tutduğu mövqeyə həmişə olduğu kimi sadiqdir. Yəni Azərbaycanın bir nömrəli müttəfiqi belə demək mümkünsə, onun öz milli maraqları, suverenlik, strateji sabitlik, beynəlxalq hüqüq və normalar, ondan sonra isə bu və ya digər dövlətlərdir”.
PictureSiyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq İlyas Hüseynov da hesab edir ki, həqiqətən də Amerika Birləşmiş Ştatları ilə ikitərəfli əməkdaşlıq, strateji layihələrin icrası, sərmayənin cəlb olunması, texnologiya və süni intellekt sahəsində tərəfdaşlıq münasibətlərinin qurulması hər bir dövlət üçün prioritet hesab olunur:

“Çünki bir sıra parametrlər üzrə bu əməkdaşlıq yeni imkanlar qazandırmaqla yanaşı, həm də ABŞ ilə əməkdaşlıq edən dövlət üçün təhlükəsizlik zəmanəti formalaşdırır. Bu baxımdan, ABŞ və İsrailin İrana müdaxiləsi hazırda yeni vəziyyət yaradır. ABŞ-nin Yaxın Şərq regionunda hərbi bazaları İran tərəfindən hədəf alınır və raket, elədə də dron hücumuna məruz qalır. İqtisadi baxımdan, bu cür müharibələrdə hücum edən tərəf daha az itki verir. Çünki hava hücumundan müdafiə sistemləri çox bahalıdır”. Politoloqun fikrincə, ikitərəfli münasibətlərdə balansı qorumaq və bütün geosiyasi mərkəzlərlə bərabər əlaqələrə üstünlük verilməsi ən uyğun seçimdir: “Çünki orta və balaca güclər bu cür ziddiyyətli və kritik məqamlarda yalnız hədəfə və proksi məkana çevrilə bilər”.

E.Paşasoy,
Musavat.com

 

Chosen
80
musavat.com

1Sources