EN

“BakuBus”a məxsus yeni Albalılıq elektrik avtobus parkı Video

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı çərçivəsində, “AZCON Holding” şirkətlərindən olan “BakuBus” MMC tərəfindən genişmiqyaslı yenilənmə tədbirləri icra olunub.

“Qafqazinfo” xəbər verir ki, ötən ilin iyul ayında tikintisinə başlanılan və 4,3 hektar ərazini əhatə edən yeni elektrik avtobus parkı müasir tələblərə uyğun inşa edilərək istismara verilib. 

Ərazidə inzibati bina, müasir yuma kompleksi, təmir mərkəzi fəaliyyət göstərir. Parkın deposunda eyni vaxtda 167 avtobusun saxlanılması mümkündür. Yeni parkın istifadəyə verilməsi ilə 2025-ci il istehsalı olan, Azərbaycan Respublikasında istehsal edilən 150 ədəd BYD markalı tam elektrik mühərrikli avtobus sərnişinlərin xidmətinə təqdim edilib. Avtobusların 48 ədədi 77 nəfərlik, 102 ədədi isə 81 nəfərlik sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 42 ədəd, “Luobinsen” şirkətinin istehsalı olan 240 kVt gücündə şarj cihazı quraşdırılıb. Sözügedən avadanlıqlar həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər risklərə qarşı çoxsaylı mühafizə funksiyaları ilə təchiz edilib.

Yeni elektrik avtobusları 8 qəsəbə və 1 kənd üzrə Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri, eləcə də Məmmədli kəndini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir.

Avtobusların gündəlik təmizliyinin təmin edilməsi məqsədilə yaradılan müasir yuma məntəqəsi eyni vaxtda 2 avtobusa xidmət göstərir və proses 4 dəqiqə ərzində tamamlanır. Kompleksdə ekoloji tələblərə xüsusi diqqət yetirilir, istifadə olunan suyun 85 faizi təmizlənərək təkrar dövriyyəyə qaytarılır.

Təmir mərkəzində texniki xidmətin operativ təşkili məqsədilə yağlama və çilingər işləri üçün 8, qəza təmiri və boyama işləri üçün isə 7 boks fəaliyyət göstərir. Yeni avtobus parkının istifadəyə verilməsi yalnız paytaxtın nəqliyyat sisteminin modernləşdirilməsinə deyil, eyni zamanda ölkənin iqtisadi və sosial inkişafına da mühüm töhfə verir. Layihə çərçivəsində 365 nəfər sürücü, 78 nəfər inzibati və texniki heyət olmaqla ümumilikdə 443 nəfər daimi işlə təmin edilir.

Həyata keçirilən kompleks tədbirlər ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsinə, ekoloji dayanıqlılığın gücləndirilməsinə və şəhər mobilliyinin müasir standartlar əsasında inkişafına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
117
15
qafqazinfo.az

10Sources