EN

Dünyanı qorxudan MÜHARİBƏ

Yazını böyüt
Yazını kiçilt

İrana qarşı başlayan hücumlar Azərbaycanda da dərin narahatlıq və diqqətlə izlənilir. Bölgədəki gərginliyin əhatə dairəsinin genişlənməsi xüsusilə vurğulanmalıdır. Artıq müharibənin üç tərəfi yoxdur. İran ABŞ-nin hücumlarına cavab olaraq Körfəz ölkələri, Suriya, İordaniya, hətta Kiprə belə raket və dron zərbələri endirir. Belə bir məqamda proseslərin axarı ciddi şəkildə analiz olunur. Müharibənin nə zaman başa çatacağına dair ehtimallar səsləndirilir. 

Donald Trampın «böyük dalğa hələ gəlməyib» sözləri Vaşinqton və Tehran arasında gərginliyi yenidən pik həddə çatdırıb. Şərhlərə görə, növbəti addım əvvəlki əməliyyatlardan daha ciddi ola bilər. Strateji bombardmançı təyyarələr və «ən böyük bombalar» iddiası müzakirə mövzusudur. Beləliklə, həqiqətən böyük bir hücum gəlir, yoxsa bu, psixoloji müharibə taktikasıdır?

"Böyük hücum"

Ağ evin son açıqlamaları ABŞ-nin İrana qarşı hava kampaniyasının əhatə dairəsini genişləndirməyə hazırlaşdığına dair qiymətləndirmələri gücləndirir. Ekspertlər isə böyük bir hücumun strateji bombardmançı təyyarələrin yerləşdirilməsi və daha ağır sursatların istifadəsini əhatə edə biləcəyini irəli sürürlər. Prezident Tramp açıqlamasında İrana qarşı əməliyyatların hələ ən sərt mərhələsinə çatmadığını vurğulayıb. «Biz hələ onlara güclü zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ gəlməyib. Böyük dalğa tezliklə gələcək», – deyə Tramp açıq şəkildə ABŞ hərbi variantlarının masada olduğunu bildirib. Trampın bu açıqlamaları Tehrana gözlənilən çəkindirici təsir yaratmayıb.

«The Telegraph» qəzetində dərc olunan xəbərə görə, Bəhreyndə yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) müdafiə üzrə tədqiqatçısı Saşa Bruxmann bildirib ki, «böyük hücum» ifadəsinin ehtimal olunan mənası strateji bombardmançılarla həyata keçiriləcək intensiv və davamlı hava layihəsidir: «Ən əsası, strateji bombardmançı donanma, yəni B-1, B-2 və B-52 təyyarələri vasitəsilə həyata keçiriləcək bombardman əməliyyatı».

Mütəxəssislərin fikrincə, bu, yalnız uçuşların sayının artması deyil, həm də daha ağır və bunkerləri dağıdan sursatların intensiv istifadəsi demək ola bilər.

Buvaxtadək çəkilən xərc

Müharibə insan itkisinə səbəb olmaqla yanaşı, həm də iştirak edən ölkələr üçün ciddi maliyyə itkilərinə səbəb olub. Ən son olaraq ABŞ-də istifadə edilən raketlərin dəyəri, İsrailin İrana hücumu, bu müharibənin ABŞ-yə necə başa gəldiyi müzakirə olunur.

CNN TURK xarici xəbərlər redaktoru Ənvər Kaptanoğlunun hesablamalarına görə, Küveytdə təsadüfən 3 F-15 vurulub. Dost atəşi ilə vurulmasının dəyəri 270 milyon dollardır. Bu, 2,29 milyard dollarlıq rəqəmə daxildir. İlk hücumda 120 Tomahawk raketi atılıb. Bu, 240 milyon dollar deməkdir. Daha çətin hədəflər üçün istifadə edilən JASSM raketləri 90 milyon dollara başa gəlib. Dəniz hücumlarında 9 İran gəmisi hədəfə alınıb ​​və 75 milyon dollara başa gəlib. Hazırkı xərc 2,291 milyard dollardır.

Kürd kartı

CNN-ə danışan mənbələr MKİ-nin İrandakı planları ilə bağlı iddialar irəli sürüblər. Mənbələr iddia edir ki, ABŞ administrasiyası hərbi dəstək verilməsi ilə bağlı İran müxalifət qrupları və İraq Kürdüstan Regional Hökumətinə (İKRH) sığınan İran kürd müxalifət nümayəndələri ilə fəal danışıqlar aparır.

İran kürd mənbəsi bildirib ki, İranın qərbindəki bəzi silahlı müxalifət qrupları müəyyən hərəkətlər planlaşdırır və ABŞ və İsraildən dəstək gözləyirlər. Həmçinin iddia edilir ki, bölgədəki kürdlər İsrail üçün «bufer zonası» yaratmaq üçün İranda müəyyən bir ərazini ələ keçirə bilərlər.

Keçmiş Pentaqon rəsmisi və CNN-in milli təhlükəsizlik üzrə eksperti Aleks Plitsas iddia edib ki, «ABŞ kürdləri silahlandırmaqla İran üsyanını sürətləndirməyə çalışır». Plitsas bildirib ki, «İran xalqı ümumiyyətlə silahsızdır və təhlükəsizlik qüvvələri dağılmadığı və kimsə onları silahlandırmadığı təqdirdə, hakimiyyəti ələ keçirmək çətin olacaq».

ABŞ-nin çətinlikləri

Təqaüddə olan ABŞ ordusu polkovniki Duqlas Makqreqor ABŞ ilə İran arasında davam edən münaqişə ilə bağlı diqqətəlayiq açıqlamalar verib. Makqreqor, xüsusən də lojistik zəifliklər və bölgədəki hərbi balansla bağlı təəccüblü qiymətləndirmələr edib.

“One America News Makqreqor” ABŞ-nin bölgədəki hərbi mövcudluğunun ağır zərbə aldığını iddia edərək bildirib: “Bütün bazalarımız məhv edilib. Liman qurğularımız yerlə-yeksan edilib. Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, biz Hindistan limanlarına çəkilməyə məcburuq”.

İranın hərbi imkanlarına diqqət çəkən Makqreqor deyib: “Düşünürəm, İran, məyusluğumuza baxmayaraq, çox-çox yaxşı işlər görür”. O, İranın böyük əhalisi və coğrafi ölçüsü, eləcə də güclü istehsal gücünə malik olduğunu vurğulayıb.

Makqreqor bildirib ki, 93 milyon əhalisi olan İran Qərbi Avropa böyüklüyündə bir qitə gücüdür. Münaqişəni yaxından izləyən iki qlobal gücə diqqət çəkən Makqreqor bildirib ki, Çin və Rusiya prosesi kənardan izləyir, lakin İranla sıx əlaqədədirlər. O, bu ölkələrin verdiyi peyk kəşfiyyatının yerində əhəmiyyətli təsirlərə malik olduğunu iddia edib.

İranın yeraltı hərbi infrastrukturuna toxunan Makqreqor deyib: “Hazırda İranın bütün əyalətlərinin altında yerləşən “raket şəhərləri” toxunulmamış qalır və tükənməz raket ehtiyatına malikdir”.

ABŞ üçün ən vacib problemin logistika olduğunu bildirən Makqreqor bildirib: “Düşünürəm ki, logistika bu əməliyyatda ən zəif halqadır. Sursatı yenidən doldurmalı, materialları daşımalı və yükləri göndərməlisiniz”.

Görünən odur ki, tərəflərdən heç biri hələlik geri addım atmaq və danışıqlar masasına üz tutmaq barədə fikirləşmirlər. Qarşılıqlı hücumlar isə getdikcə kəskinləşir. İran ətrafındakı vəziyyət proqnozlaşdırılması çətin bir hal almaqdadır. 

Ləman Əliyeva

Chosen
84
14
hafta.az

10Sources