EN

Baba Vəziroğlu Fazil Mustafaya: “İmkanlı ailələrin qızları da 200-300 manat alimentə görə ayrılırlar?”

“Boşanmaların sayının artmasının yüz səbəbi var. Bəlkə də, bu, elmi-tədqiqat institutunun araşdırma predmeti olacaq mövzudur. Deputat Fazil Mustafa dostumuzdur, amma boşanmaların səbəbini təkcə alimentdə görsək, problemi çox daraltmış, kiçiltmiş olarıq. Bəs imkanlı ailələrin qızları nə üçün ayrılırlar? Onlar da iki yüz-üç yüz manat alimentə görə? Ona görə də bu cür söyləmək, məncə, səthi yanaşmadır. Hazırda gündəmdə olan bir-birinə qohum varlı ailələrdə boşanma hallarıdır. Onlar da ailə institutu sayılırlar. Deməli, məsələnin kökü daha dərindir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

 

B.Vəziroğlu fikrini belə əsaslandırıb: “Məşhur lətifə var: döyüş zamanı düşmənə atəş açılmayıb, padşah soruşur ki, top top açılmadı? Deyirlər, bunun əlli səbəbi var, amma ən birinci səbəb bu idi ki, barıt islanmışdı. Padşah deyir ki, qalan qırx doqquz səbəbi demək lazım deyil, bu, bəs edir... İmam Əli buyurub ki, övladlarımız valideynlərindən daha çox zəmanəyə bənzəyirlər, bizim də uşaqlarımız zəmanəyə bənzəyir. Hər aşiqin öz dövranı var. Elə bir zəmanə gəlib ki, ailə, ağsaqqal, böyük-kiçik institutlarının hamısı yavaş-yavaş korroziyaya uğrayır. Avropaya qapı açanda elə bildik ki, oranın ən gözəl xüsusiyyətləri bizə gələcək - azadlıq, demokratiya... Çox qəribədir ki, qapı açıq olanda içəri qonaq da girir, it-pişik də. Gələn it-pişikləri daha məmnuniyyətlə qəbul edirik, nəinki qonaqları. Yəni bu dərəcədə təfəkkürümüz yad ünsürlərə, mentalitetlərə, adət-ənənələrə açıqdır. İndi gənclər dünyanı gəzib, görürlər. Məsələn, Almaniyada ailə yoxdur. Evə gələn qonağa deyirlər ki, biz bir yerdə yaşayırıq. Şərqin öz qanunları olmalıdır. Ailə institutu, ailə bağları... Ötən əsrləri tam görməsək də, bizim dövrlərdə də həmin ənənələrin, adətlərin müəyyən hissəsi olub. Ailə bağları nisbətən möhkəm idi. İndi artıq o bağlar qırılıb, insanları bir yerdə saxlayan çox az mənəvi tellər var. Onlar da yavaş-yavaş yox olur. Maddi çətinliklər, məişət problemləri və nəticədə ailələr dağılır. Buna görə də ailələrin heç bir tərəfi ictimai qınağa tuş gəlmir və beləliklə, azadlıq xaosa çevrilir. İranda 160 çox məktəbli qız uşağı qısa zamanda həlak olub. Bu, Qərbin "demokratiyasının" Şərqin uşaqlarına "hədiyyəsidir". Qərbdən bu hədiyyəni də aldıq. Əlbəttə, Avropada yaxşı şeylər də çoxdur, amma qəribədir ki, gözəl şeylərdən bəhrələnmirik. Bu gün iynədən tutmuş sapadək hamı Avropadan alıb istifadə edir. Lakin insan xisləti belədir, həmişə mənfi şeylərə meyillənir. Narkotik, siqaret, içki... İnsan mənfi yollara tez yuvarlanır. Biz də hələlik öz cığırmızdan çıxmışıq. Avropanın çoxdan keçdiyi, lakin bizdə hələ yeni olan yolu indi keçməyə başlayırıq. Bu yolda hər şey olacaq. Artıq avtobusda yaşlılara yol verildiyini görməzsən, amma küçədə tüpürənləri də, siqaret kötüyünü atanları da, ailə üzvlərinin bir-birini qırdığını görərsən. Məşhur məsəl var, Allah betərindən saxlasın”.

 

Aytəkin Qardaşova


Chosen
92
3
azia.az

4Sources