EN

Böyük Qayıdış: 346 nəfər Ağdam sakini doğma yurda qovuşub

Ağdam, 5 mart, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Martın 5-də Ağdam şəhərinə yola salınan növbəti köç karvanı ünvanına çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhərində 346 nəfərdən ibarət 90 ailəyə mənzillərin açarları təqdim edilib. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhərinin sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.

Tahir Ağaməmmədov - müxbir

Chosen
13
2
azertag.az

3Sources