EN

ABŞ İRAN MÜHARİBƏSİ: KİM GERİ ÇƏKİLƏCƏK? “İsrail nüvə silahına əl ata bilər”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ və İran arasında hərbi toqquşmalar davam edir və bölgədə gərginlik sürətlə artır. Hər iki tərəf strateji hədəflərə zərbələr endirir və region ölkələri narahatlıq içində vəziyyəti izləyir. Müharibənin genişlənməsi qlobal siyasətə və iqtisadiyyata ciddi təsir göstərə bilər.

Bu müharibə qısa müddətdə dayanacaq, yoxsa daha böyük regional qarşıdurmaya çevriləcək? ABŞ-İran müharibəsi nə ilə bitəcək?

“AzPolitika” bu barədə azərbaycanlı politoloqların münasibətini öyrənib.

Sabiq diplomat, politoloq Fikrət Sadıqov: “Münaqişənin gedişatı göstərir ki, İsrail və ABŞ tərəfindən bir çox incəliklər nəzərə alınmayıb. Çünki İran bu dövlətlərdən zəif olsa da, onlara zərbələr endirir, ABŞ-nin körfəzdə yerləşən bazalarını vurur və qarşı tərəf itkilər verir. Bu da ola bilsin ki, ABŞ tərəfi üçün gözlənilməz oldu. Münaqişənin genişlənməsi artıq reallıqdır. Region od içindədir. Eyni zamanda körfəz dövlətləri də hazır vəziyyətdədirlər. Səudiyyə Ərəbistanı faktiki olaraq İrana müharibə elan edib. Mənə elə gəlir ki, burada bir sıra dövlətlər də cəlb oluna bilər. Məsələn, Yunanıstan bəyan edib ki, əgər Kipr vurularsa, onlar da İrana qarşı müharibəyə qoşula bilərlər.

Yəni vəziyyət çox gərgindir və hazırda dəqiq proqnoz vermək çətindir. Gec-tez danışıqlar baş tutacaq. Hər halda, Trampın dediyinə görə, artıq İranla hətta gizli danışıqlar aparılır. Digər tərəfdən, Tramp bəyan edib ki, İrana rəhbərlik üçün 3 namizədi var. Yayılan digər məlumatlara əsasən də danışıqlar gedir, lakin İran tərəfindən bu danışıqları kimin apardığı məlum deyil.

Düşünürəm ki, yaxın gələcəkdə danışıqların konkret nəticəsi olmaya bilər. Çünki Vaşinqtonun bildirdiyinə görə, İsrail də bunu təsdiqləyib, onlar hələ öz məqsədlərinə çatmayıblar. İranda rejimi dəyişmək çox çətindir, çünki hakimiyyət dərin köklərə malikdir. Lakin özlərinə loyal siyasətçi tapmaq və onu maraqları çərçivəsində İranın rəhbəri kimi görmək hazırda həm ABŞ-nin, həm də İsrailin maraqlarına cavab verən amil kimi qiymətləndirilə bilər.”

Politoloq Elşən Manafov: “ABŞ və İsrailin fevralın sonunda İrana qarşı başlatdığı hücum Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olmaqla yanaşı, dünya enerji bazarında qiymətlərin kəskin şəkildə yüksəlməsinə gətirib çıxarmışdır. İrana hücum zamanı ölkənin Ali dini liderinin, habelə Müdafiə nazirinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin və digər yüksək vəzifəli şəxslərin həlak olması İranın başlanmış təcavüzə münasibətinin daha da sərtləşməsinə səbəb olmuşdur. Tehranın körfəz ətrafındakı ərəb dövlətlərinə, eləcə də Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ hərbi bazalarına zərbələr endirməsi ilə regionda hərbi qarşıdurma daha da dərinləşmişdir. İranın Hörmüz boğazını bağlaması nəticəsində təkcə neftin deyil, qızıl və digər qiymətli metalların da qiyməti artmış, dəniz logistikası sahəsində xidmət haqları xeyli yüksəlmişdir. Hazırda İrandan Çinə neft daşıyan tankerlər bu xidmət müqabilində təxminən 151 min dollar tələb edirlər. Hərbi əməliyyatların uzun müddət davam edəcəyi təqdirdə “Brent” markalı neftin qiymətinin 100-150 dollara qədər arta biləcəyi ilə bağlı ehtimallar mövcuddur.

Müharibə dünyada güc mərkəzləri arasında geosiyasi qarşıdurmanı daha da gücləndirmişdir və istisna deyil ki, dünya yeni geosiyasi koalisiyaların formalaşmasının şahidi olsun. Böyük Britaniya, Fransa və Almaniya ABŞ-ni, eləcə də Yaxın Şərqdəki müttəfiqləri olan ərəb dövlətlərini dəstəkləyərək İranı müqaviməti dayandırmayacağı təqdirdə ona qarşı hərbi əməliyyatlara qoşula biləcəkləri ilə bağlı xəbərdar etmişlər. İrana Çin və Rusiya tərəfindən göstərilən siyasi və hərbi dəstək kontekstində bu vəziyyət Yaxın Şərqdə qlobal düzənin dünya müharibəsi ilə təhdid oluna biləcəyi təhlükəli bir mərhələyə keçməsinə səbəb ola bilər.

İranın körfəz ölkələrinə və İsrailə endirdiyi kütləvi zərbələr göstərir ki, Tehran müəyyən tərəflərdən aldığı dəstək müqabilində uzun müddət müqavimət göstərmək imkanına malikdir. Dini liderin öldürülməsi isə cəmiyyətin Tehran rejimi ətrafında daha sıx birləşməsinə səbəb olmaqla, təkcə İranın deyil, dünya islam ictimaiyyətinin də daha da radikallaşmasına və vaxtilə Samuel Hantinqtonun xəbərdarlıq etdiyi kimi, qlobal miqyasda sivilizasiyalararası toqquşmalara gətirib çıxara bilər.

İranın uzun müddət müqavimət göstərməsi İsrail üçün xüsusi təhlükə yaradır. Bu isə Netanyahunun rəhbərlik etdiyi hakimiyyəti nüvə qüvvəsinə müraciət etməyə təhrik edə bilər. Nəticə etibarilə, İranla bağlı proksi qüvvələrin İsraillə qarşıdurması proqnozlaşdırılması çətin olan hadisələrin baş verməsinə, perspektivdə isə Yaxın Şərqdə nüvə silahlarının preventiv tətbiqinə gətirib çıxara bilər.”

Oğuz Ayvaz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
50
azpolitika.info

10Sources