EN

Gənc bəstəkar: Ümid edirəm, televiziyadakı təmizlik axıra qədər davam edəcək

“Bu gün televiziya kanallarında nümayiş olunan musiqi nümunələri o qədər bayağı, zövqsüzdür ki, bunlara musiqi əsərləri, mahnı  demək olmaz. Bunlar televiziyada nümayiş olunan əsər deyil, bunlar ümumiyyətcə iş deyil, sənət əsəri deyil”.

Bu sözləri News365.az-a bəstəkar-ifaçı Aydan Əliyeva deyib.

Onun sözlərinə görə, televiziya incəsənətin, xalqın güzgüsü olmalıdır: “Bu gün televiziya verilişlərində bayağılığı,  zövqsüzlüyü görəndə, adam bilmir nə desin.  Nə verilişlər veriliş deyil, nə musiqilər musiqi deyil. Ona görə də son zamanlar ictimaiyyət arasında da bu tip verilişlərə qarşı haqlı iradları gördük”. 

Bəstəkar efirlərdə gedən təmizlənməni alqışladığını bildirib: “Artıq bir həftədir ki, televiziya proqramlarında təmizlənməni görürük ki, bizim sənətkarlar meydandadır, öz keyfiyyətli əsərlərini təqdim edirlər. Bu bizi sevindirir, çünki irəliləyiş var. Ümid edirəm ki, televiziya proqramlarında başlayan təmizlik axıra qədər davam eləyəcək. Artıq qulaqlarımız nəfəs alacaq, dəyərli, zövqlü musiqilər eşidəcəyik”.

Bəstəkar vacib bir məsələyə də toxunub: “Efirlərdə mənim kimi gənc bəstəkar və ifaçılara da yer ayrılmalıdır.  Əziyyət çəkib illərlə təhsil alır, konservatoriyanı bitiririk, bizim əziyyətimiz də yerdə qalmamalıdır, sənətə həsr etdiyimiz zəhmət dəyərləndirilməlidir”.



Chosen
35
news365.az

1Sources