EN

Kirayə qiymətlərində ARTIM ola bilər – Müharibəyə görə…

ABŞ və İsraillə İran arasında davam edən müharibə təkcə təhlükəsizlik sahəsinə deyil, region ölkələrinin iqtisadi proseslərinə də təsir edə biləcək amil kimi qiymətləndirilir. Analitiklərin fikrincə, belə geosiyasi risklər adətən maliyyə bazarlarında dalğalanmalara, investisiya axınlarında dəyişikliklərə və miqrasiya proseslərinin sürətlənməsinə səbəb olur. Bu isə öz növbəsində daşınmaz əmlak bazarında da müəyyən dəyişikliklər yarada bilər.

NOCOMMENT.az xəbər verir ki, son günlər regionda baş verən hadisələr fonunda bəzi ekspertlər mümkün miqrasiya dalğasının Azərbaycanda mənzil bazarına təsir edə biləcəyini istisna etmirlər. Əgər İrandan təhlükəsizlik məqsədilə Azərbaycana ciddi köç baş verərsə, bu, xüsusilə iri şəhərlərdə və sərhədyanı bölgələrdə mənzil tələbatının artmasına səbəb ola bilər. Tələbin artması isə bazar qanunlarına uyğun olaraq qiymətlərin yüksəlməsi ilə nəticələnə bilər.

Mövzu ilə bağlı NOCOMMENT.az -a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, regionda baş verən siyasi gərginliklərin iqtisadi təsiri çox vaxt bir neçə istiqamətdə özünü göstərir və daşınmaz əmlak bazarı da bu prosesdən kənarda qalmır.

 

Əkrəm Həsənov

Onun sözlərinə görə, müharibə və ya hərbi risklərin artdığı regionlarda insanların daha təhlükəsiz ölkələrə köç etməsi təbii prosesdir və bu cür miqrasiya dalğaları qəbul edən ölkələrin mənzil bazarında müəyyən dəyişikliklər yarada bilər:

“Azərbaycan coğrafi mövqeyinə görə İran və Yaxın Şərq regionu ilə sıx bağlıdır və bu səbəbdən regionda baş verən hadisələrin ölkəyə iqtisadi təsiri mümkündür. Əgər İrandan müəyyən sayda insanların Azərbaycana müvəqqəti və ya daimi köçü baş verərsə, ilk növbədə kirayə bazarında aktivlik artacaq. Bu isə xüsusilə Bakı şəhərində və iri iqtisadi mərkəzlərdə kirayə qiymətlərinin qısamüddətli artımına səbəb ola bilər”.

İqtisadçı hesab edir ki, daşınmaz əmlak bazarına təsir yalnız miqrasiya ilə məhdudlaşmır:

“Regional gərginlik investisiya axınlarına da təsir edə bilər. Belə hallarda bəzi investorlar riskli hesab etdikləri regionlardan vəsaitlərini çıxararaq daha sabit ölkələrə yönəldə bilərlər. Bu proses də daşınmaz əmlak bazarında əlavə tələb formalaşdıra bilər.

Əkrəm Həsənov əlavə edib ki, buna baxmayaraq, qiymətlərin ciddi və uzunmüddətli artımı üçün təkcə miqrasiya kifayət deyil:

“Daşınmazəmlak bazarında qiymətlərin davamlı yüksəlməsi üçün iqtisadi aktivliyin artması, kredit imkanlarının genişlənməsi və ümumi bazar tələbatının yüksəlməsi kimi amillər də mühüm rol oynayır.

Ekspert vurğulayıb ki, hazırkı mərhələdə baş verə biləcək dəyişikliklər daha çox qısamüddətli və psixoloji təsir xarakteri daşıya bilər:

“Əgər regionda gərginlik uzun müddət davam edərsə və miqrasiya axını artarsa, o zaman daşınmaz əmlak bazarında daha ciddi dəyişikliklər müşahidə oluna bilər”.

Tunar
NOCOMMENT.az

Chosen
102
nocomment.az

1Sources