EN

İranın gözləri çaşdı, yoxsa çaşıb?

Əgər Naxçıvandakı hadisəyə qeyri-peşəkarlıq səbəb olubsa, buna aydın izahat verilməlidir, yox, əgər İran rəhbərliyi ağlını itiribsə...

Azərbaycanın müstəqil dövlət olmasından bu yana İranla münasibətlərində çox pis hadisələr yaşanıb. 1991-ci ildən bu günə qədər baş vermiş yalnız bir neçə hadisəni epizodik xatırlayaq. İranın Qarabağ münaqişəsində “vasitəçi” rolu hamının yanındadır 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı Yaqub Məmmədovla Ter-Petrosyanın İranın vasitəçiliyi ilə keçirdiyi görüşün əslində Ermənistanın hücumunu gizlətmək üçün diplomatik oyun olduğu tezliklə üzə çıxdı. Görüş zamanı atəşkəs razılaşdırılsa da, İran tərəfi Şuşanın işğalına səssiz qaldı və Ermənistana heç bir narazılıq bildirmədi.

İranın qaba davranmışları dövlətlərarası gərginlikləri zaman-zaman Xəzərə də daşıyıb. SSRİ dağılandan sonra Xəzərin hüquq statusunun olmamasından Tehran sonadək məhz Azərbaycana qarşı istifadə etdi. Gah Xəzərin Azərbaycana aid sularında ölkəmizin neft və qaz kəşfiyyat gəmisinə hücum təşkil etdi, gah da hansısa enerji yataqlarına iddia... Qarabağ işğalı zamanı İran Ermənistanın tərəfində oldu, torpaqlarımızın sərvətlərini birgə daşıyıb satdılar, müsəlman həmrəyliyi yox, xristian təəssübü çəkdilər.

Naxçıvan

2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan savaşdan sonra isə İran yeni dərdə düşdü- sərhədimiz yaxınlığında hərbi təlimlər keçirməsini, Zəngəzur dəhlizi ilə bağlı heç bitməyən sancılı reaksiyalarını da xatırlamaq kifayətdir. 2023-cü ilin 27 yanvarında isə Tehran münasibətlərdən görünməmiş gərginlik yaşandı-Azərbaycan səfirliyinə terror hücumu oldu. Tehranın himayəsi ilə İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov”la mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirdi, daha iki əməkdaşı ağır yaraladı. Səfirlik fəaliyyətini dayandırdı, İrana etimad minimum səviyyəyə düşdü. Bu hadisə postsovet dövrünün ən ciddi böhranı da sayıla bilərdi.

Azərbaycan və İran arasında aparılan danışıqlar nəticəsində səfirlik və diplomatik heyəti 2024-cü ilin iyununda İrana qayıtdı. Məsud Pezeşkianın prezidentliyi başladıqdan sonra İran-Azərbaycan münasibətlərində yeni bir səhifə açıldığına ümidlər vardı. Amma, fəqət və lakin...

İran inqilabından sonra yaranmış SEPAH(İran İnqilab Keşikçiləri)rəsmi olaraq Azərbaycanı düşmən elan etməyib. Amma son illərdəki ritorikası düşmənçilikdən betər olub. Naxçıvana bugünkü xain dron hücumunun Tehrana və onun siyasətini daima bulandıran SEPAH-a niyə lazım olduğu tam aydın deyil. Məntiqli izah tapmaq çətindir. Azərbaycan ABŞ-İsrail hərbi əməliyyatını dəstəkləməyib. Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə son telefon danışığında da bir daha vurğulayıb ki, ölkəmizin ərazisi və hava məkanı üçüncü dövlət tərəfindən hərbi əməliyyatlar üçün heç vaxt istifadə edilməyəcək. Üstəlik, İlham Əliyev rəsmi olaraq İranın Bakıdakı səfirliyini ziyarət edib və Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verib. Yəni belə həssas məqamda Bakı maksimum İranın “qırmızı xətlərini” nəzərə alıb. Amma əvəzində isə axmaq və düşünülməmiş hadisə ilə üzləşib.

İndi İran hakimiyyətində elə bir xaos var ki, “ağız deyəni, qulaq eşitmir”. Ölkəni kimlər idarə edir, əmrlər haradan verilir, müəmmalıdır. Amma hiss olunur ki, hərbi komandalıqda mütləq koordinasiya var. Güman ki, “fürsət bu fürsət, Azərbaycana da dron ataq” deyən kafalar isə ya çox qərəzlidir, ya çox məsti-xumar. Müharibələrdə qorxu və həyəcanı adlatmaq üçün belə keyləşmə maddələrindən istifadə olunur axı. Amma Azərbaycan bu cür sayğısız davranışları heç bir izahatla qəbul etməyəcək. Azərbaycan XİN və Müdafiə Nazirliyi İran ərazisindən edilən pilotsuz təyyarə hücumlarını qətiyyətlə pisləyib və müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib. İnanıram ki, sonuncu cümlədəki xəbərdarlığı Azərbaycan xalqının hər bir vətəndaşı bölüşür. Əgər Naxçıvandakı hadisəyə qeyri-peşəkarlıq səbəb olubsa, necə deyərlər “göz çaşı” olubsa, buna aydın izahat verilməlidir. Yox, əgər İranın hazırkı rəhbərliyi çaşıbsa, bundan sonrakı nəticələrə hazır olmalıdır.

Nazim SABİROĞLU,
Musavat.com

Chosen
55
musavat.com

1Sources