EN

“Bakı Dialoqları” jurnalının 2025–2026-cı il qış buraxılışı nəşr olunub

Bakı, 5 mart, AZƏRTAC

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının 2025–2026-cı il qış buraxılışı işıq üzü görüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu buraxılışda bağlantı geosiyasəti, Azərbaycanın dəyişən beynəlxalq mühitdə strateji yanaşmasının yenidən tənzimlənməsi və Xəzər hövzəsində ortaya çıxan ekoloji çağırışlar kimi mövzulara həsr olunmuş analitik məqalələr yer alıb. Yazılarda bu məsələlər Avrasiyada baş verən daha geniş transformasiya prosesləri, jurnalın redaktorlarının ifadəsi ilə desək, “İpək Yolu regionu”nun dəyişən geosiyasi mənzərəsi kontekstində təhlil olunur.

Buraxılışın ilk bölməsində (“The Geopolitics of Connectivity: Transformational Harbinger for the Silk Road Region”) nəqliyyat dəhlizləri, infrastruktur inteqrasiyası və geoiqtisadi uyğunlaşma kimi proseslərin İpək Yolu regionunda güc balansını necə yenidən formalaşdırdığı konseptual şəkildə izah edilir. Bölmədə yer alan “Critical Raw Materials and the Reconfiguration of Global Power” məqaləsində isə bu sahənin dünyanın aparıcı ekspertlərindən biri tərəfindən qlobal güc rəqabəti və təchizat zəncirlərinin yenidən qurulması fonunda kritik xammal resurslarının strateji əhəmiyyəti təhlil olunur.

Bağlantı və tranzit dinamikası digər məqalələrdə də geniş şəkildə araşdırılır. ABŞ-də yüksək dövlət vəzifələrində çalışmış Erik Rudenshioldun “The Corridor Changing Eurasia” adlı məqaləsində yeni nəqliyyat marşrutlarının Avrasiya məkanında yaratdığı transformativ təsirlər təhlil edilir. Boğaziçi Universitetinin tanınmış professoru Onur İşçinin “The Zangezur Concept” məqaləsi isə regionda formalaşan yeni geosiyasi və geoiqtisadi çərçivələrin mahiyyətini qiymətləndirir. Argentinalı tədqiqatçının qələmə aldığı “The Role of the Middle Corridor in Eurasian Connectivity” yazısında isə Orta Dəhlizin Avrasiya bağlantısında artan strateji rolu araşdırılır.

Regionun siyasi inkişaf trayektoriyaları isə Amerika Xarici Siyasət Şurasının (AFPC) proqramlar direktoru Laura Lindermanın “Divergent Paths in the South Caucasus” məqaləsində təhlil edilir. Müəllif Cənubi Qafqaz ölkələrinin fərqli inkişaf modellərini və xarici siyasət istiqamətlərini müqayisəli şəkildə araşdırır. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Qərb Araşdırmaları şöbəsinin müdiri Vasif Hüseynovun “Slipping Out of ‘Old Geopolitics’ Through TRIPP” məqaləsində isə yeni çoxtərəfli əməkdaşlıq mexanizmlərinin ənənəvi geosiyasi yanaşmaları necə geridə qoya biləcəyi müzakirə olunur.

Buraxılışda Azərbaycanın strateji mövqeyinə də xüsusi diqqət yetirilir. IDD-nin əməkdaşı Cahangir Araslının “The Case for Azerbaijan’s Strategic Recalibration” məqaləsində dəyişən qlobal reallıqlar fonunda Azərbaycanın strateji siyasətinin çevik şəkildə uyğunlaşdırılmasının zəruriliyi əsaslandırılır.

“Baku Dialogues” jurnalının bu buraxılışı ekoloji və regional təhlükəsizlik məsələlərinə həsr olunmuş məqalə ilə yekunlaşır. İranlı ekspert Vəli Kaleci tərəfindən qələmə alınmış “The Caspian’s Declining Water Level: Drivers, Consequences, and Impacts on Littoral States” adlı yazıda Xəzər dənizində su səviyyəsinin azalmasının səbəbləri və bunun sahilyanı dövlətlər üçün mümkün nəticələri təhlil olunur.

 

Chosen
9
3
azertag.az

4Sources