EN

Azərbaycanda pullu qocalar evi yaradılacaq?

Azərbaycanda yaşlı insanların sosial müdafiəsi əsasən dövlət tərəfindən təmin olunur. 

Ölkədə fəaliyyət göstərən dövlət qocalar evləri əsasən kimsəsiz, baxımsız və sosial dəstəyə ehtiyacı olan yaşlı şəxslərin yerləşdirilməsi üçün nəzərdə tutulub. Bu müəssisələr məhdud sayda insan qəbul edir və yerləşdirilmə üçün müəyyən şərtlər mövcuddur. 

Adətən burada qalmaq üçün şəxsin ailə üzvlərinin və ya ona baxacaq yaxın qohumunun olmaması kimi meyarlar əsas götürülür. Məhz bu səbəbdən də bir çox yaşlı insan və onların ailə üzvləri alternativ baxım imkanları axtarmağa məcbur qalır.

Azərbaycanda dövlət müəssisələrindən fərqli olaraq, ödənişli əsaslarla fəaliyyət göstərən özəl qocalar evlərinin yaradılması mümkündürmü?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, bu məsələ müəyyən mənada müasir dövr üçün tələb–təklif münasibətlərinə yönəlmiş bir müzakirədir:

“Bütün dünyada ödənişli qocalar evləri yaradılır və orada müxtəlif xidmət paketləri təklif olunur. Azərbaycanda isə ənənəvi olaraq valideynə hörmət, onun qayğısına qalmaq, valideyni qorumaq və hətta dözülməz vəziyyətində belə diqqət mərkəzində saxlamaq ailə daxilində formalaşmış davranış modelidir. 

Yəni əsrlərdir davam edən bir ənənə var ki, valideynin sağlamlığı və ehtiyacları ailə üzvləri üçün prioritet hesab olunur. Buna görə də bir çox hallarda valideynini qocalar evinə verən şəxslər cəmiyyət tərəfindən qınanır və bu addım birmənalı qarşılanmır.

Lakin nəzərə almaq lazımdır ki, müasir dövrün tələbləri fərqlidir. İnsanların işləməsi, məşğulluğun artması, vaxtın sürətlə keçməsi səbəbindən bir çox hallarda yaşlı insanlara kifayət qədər vaxt ayırmaq çətinləşir. Nəticədə onların asudə vaxtının təşkili, gündəlik nəzarət və sosial ünsiyyət imkanları məhdudlaşa bilir. 

Bu isə yaşlı insanlarda tənhalıq, lazımsızlıq hissi və hətta depressiya kimi problemlərin yaranmasına səbəb olur. Bu baxımdan, özəl qocalar evlərinin yaradılması müəyyən ehtiyacdan xəbər verir”.

Onun sözlərinə görə, hazırda bu xidmətə tələbatın nə qədər olduğunu dəqiq demək çətindir:

“Amma düşünürəm ki, yaxın 10 ildə belə xidmətlərə ehtiyac daha da artacaq. Çünki insanlar daha çox işləməyə, karyera qurmağa və şəxsi həyatlarına vaxt ayırmağa üstünlük verəcəklər. Bu proses artıq gedir. Hazırda imkanlı şəxslər çox vaxt özəl baxıcılar tutur və yaşlı insanların qayğısını ev şəraitində təşkil edirlər.

Özəl qocalar evləri yaradılacağı təqdirdə onların fəaliyyəti mütləq şəkildə sertifikatlaşdırılmalı və bu sahə rəsmi qaydalarla tənzimlənməlidir. Bu məsələ ictimai müzakirəyə çıxarılmalı və Nazirlər Kabineti özəl qocalar evlərinin yaradılması ilə bağlı konkret standart və qaydaları müəyyən etməlidir. 

Məsələn, tibbi personalın olması zəruridirmi, xidmət paketinə nələr daxil olacaq, ödənişlərin məbləği necə tənzimlənəcək, qocalar evlərində asudə vaxtın təşkili hansı formada həyata keçiriləcək  bütün bu məsələlər aydın şəkildə müəyyənləşdirilməlidir”.

M. Zeynalova qeyd edib ki, sosial xidmətlər çərçivəsində yaşlı insanlar üçün gündüz mərkəzləri və müxtəlif sosial xidmət müəssisələri yaradılır:

“Bu mərkəzlərdə onların asudə vaxtının təşkili, qidalanma və ünsiyyət imkanları təmin edilir. Bir neçə ildir ki, ölkənin müxtəlif rayonlarında bu tip layihələr həyata keçirilir. Bu mərkəzlərdə yaşlı insanlar sərbəst şəkildə hərəkət edə, özlərini idarə edə bilir, əsas məqsəd isə onların sosiallaşması və asudə vaxtının səmərəli təşkilidir.

Qocalar evi isə struktur baxımından fərqli bir xidmət modelidir. Buna görə də düşünürəm ki, bu sahə üzrə Nazirlər Kabineti ayrıca standartlar hazırlamalıdır və həmin standartlarda bütün tələblər açıq şəkildə göstərilməlidir. 

Buraya tibbi xidmətin təşkili, dərman təminatı, həkimlərin iştirakı, fizioterapiya xidmətləri, asudə vaxtın təşkili və digər vacib məsələlər daxil edilməlidir. Bu, gələcək üçün müəyyən bir strategiyadır və hesab edirəm ki, gec-tez belə bir model ölkəmizdə də formalaşacaq”.

Chosen
25
1
cebheinfo.az

2Sources