Martın 5-də Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Aznews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu cür müsabiqələrin istedadlı uşaqları aşkarlamağa, onların innovativ qabiliyyətini inkişaf etdirməyə kömək etdiyini qeyd edib, hər bir gəncin ölkənin yüksəlişinə töhfə verməli olduğunu vurğulayıb.
Dəyişən dünya üçün gənclərimizin həm bilikli, həm də lazımi bacarıqlara malik yetişdirilməsinin mühümlüyünü qeyd edən Firudin Qurbanov ölkə Prezidentinin gənclərin inkişafına xüsusi diqqət yetirdiyini bir daha nəzərə çatdırıb.
Çıxışında gənclərə tövsiyələrini səsləndirən Firudin Qurbanov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.