Azərbaycan Milli Xalça Muzeyində "Qərbi azərbaycanlıların milli geyim irsi" adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi keçirilib.
"Far.Az" xəbər verir ki, tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü və BMT tərəfindən qeyd olunan 6 Mart Milli Geyimlər Günü münasibətilə təşkil olunub.
Görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinə həsr edilən tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı bildirib ki, təqdim olunan albom-kitabda Qərbi Azərbaycanın zəngin və qədim mədəniyyətinin mühüm tərkib hissəsi olan milli geyim irsinin nadir nümunələri toplanıb:
"Geyimlərin böyük hissəsi Mirzə Qədim İrəvaninin əsərləri, eləcə də tanınmış rəssamlar Qriqori Qaqarin və Maks Tilke tərəfindən İrəvan Xan Sarayı və Üçkilsə kafedralında çəkilmiş rəsmlər əsasında hazırlanıb. Azərbaycan və ingilis dillərində nəşr olunan albom-kitaba ilk dəfə şəxsi kolleksiyadan iki ədəd geyim nümunəsi, həmçinin müxtəlif tarixi və informativ mənbələr əsasında bərpa edilmiş iki dəst milli geyim daxil edilib".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova belə layihələrin milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Milli geyimlər xalqın tarixini, estetik dünyagörüşünü və mədəni yaddaşını əks etdirən mühüm elementlərdən biridir".
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova milli geyim ənənələrinin qorunmasının qadınların mədəni irsin yaşadılmasındakı rolunu da nümayiş etdirdiyini bildirib:
"Bu cür təşəbbüslər milli kimliyin və tarixi yaddaşın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir".
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva isə çıxışında qeyd edib ki, Qərbi Azərbaycanın mədəni irsinin tədqiqi və təqdimatı beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə həyata keçirilən layihələr tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Aminə Məlikova çıxışında muzeydə belə layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, milli geyimlər xalqın həyat tərzini, estetik zövqünü və sənətkarlıq ənənələrini özündə əks etdirən mühüm mədəni nümunələrdir.
Tədbirin davamında Qərbi azərbaycanlıların milli geyim nümunələrindən ibarət dəfilə nümayiş etdirilib.
Eyni zamanda mərasim çərçivəsində 40-a yaxın milli geyim nümunəsinin yer aldığı sərginin açılışı olub. Sərginin martın 8-dək davam edəcəyi bildirilib.