EN

"Köçəryanla, Sarkisyanla öpüşüb-görüşənin ölümünə görə başsağlığı verdik, bu da cavabı" - Deputatdan REAKSİYA

"Birinci Qarabağ müharibəsi dövründə də, 44 günlük müharibəmiz dövründə də, antiterror əməliyyatı dövründə də, ondan əvvəl də, ondan sonra da İran həmişə torpaqlarımızı işğal edən Ermənistan dövləti ilə əməkdaşlıq edib, qardaşlıq edib, dostluq edib, ərazilərimizin talanmasında, viran qalmasında və işğal olunmasında fəal iştirak edib. Buna baxmayaraq, Azərbaycan həmişə İrana qarşı səmimi qonşuluq və əməkdaşlıq münasibətində olub".

Bunu Redaktor.az-a açıqlamasında deputat Elman Məmmədov bildirdi. O əlavə etdi ki, tarix boyu, xüsusilə son 35 il ərzində İran İslam dövlətinə xas olmayan hərəkətləri ilə yaddaşlarımıza həkk olunub:

"Çox təəssüf ki, biz bunun əksini görməmişik. Azərbaycan ərazisində nə İsrail dövlətinə məxsus, nə ABŞ-yə məxsus heç bir hərbi baza yoxdur, onların heç bir əsgəri də yoxdur və heç bir hərbi qüvvələri də Azərbaycan ərazisində yerləşmir. Buna baxmayaraq, İran özünün, belə desək, düşmən üzünü, əxlaqdan kənar hərəkətini bir daha nümayiş etdirərək Naxçıvan hava limanına, Naxçıvandakı məktəbə və dinc əhalinin yaşadığı yerlərə dron hücumu etdi".

Deputat vurğuladı ki, İranın bu addımı Azərbaycan dövlətinə qarşı təhdiddir, Azərbaycan dövlətinin təhlükəsizliyinə və müdafiəsinə qarşı təhdiddir, millətimizə qarşı yönəlmiş hücumdur:

"Biz bunu belə də qiymətləndirməliyik. Əgər onlar riyakarlıq edərək, həmişə olduğu kimi, yenə də desələr ki, bu bilməməkdən olub, yaxud bu bizim tərəfimizdən olmayıb və ya buna bənzər bəhanələr gətirsələr də bu inandırıcı deyil. Çünki dronlar idarə olunan hərbi silahlardır. Onlar birbaşa idarə olunur və hara yönəldilirsə, onun konkret yönəldiciləri olur. Buna görə İran cavab verməlidir. Azərbaycan tərəfi ən yüksək səviyyədə İrana qarşı olan hörmətini, etimadını və ehtiramını göstərərək addım atdı. Cənab prezidentimiz İran səfirliyinə getdi, onların həmişə Köçəryanla, Sarkisyanla öpüşüb-görüşən rəhbərliyinin ölümünə görə başsağlığı verdi. Ümumiyyətlə, orada həlak olanların xatirəsinə görə başsağlığı verdi. Bu, bizim mövqeyimiz idi. Bunun ardınca onların mövqeyi nə oldu? Azərbaycana dron hücumu etmək. Mən hesab edirəm ki, cənab prezidentimiz, eyni zamanda Xarici İşlər nazirliyimiz və Müdafiə nazirliyimiz müvafiq qaydada mövqe bildirdilər və Azərbaycanın mövqeyini ortaya qoydular.

Azərbaycan nə bundan əvvəl, nə indiki zamanda, nə də gələcəkdə heç zaman öz ərazisindən İrana qarşı kiminsə hərbi məqsədlərlə istifadə etməsinə yol verməyib və verməyəcəkdir. Ancaq bunun müqabilində İran bizə qarşı düşmənçilik hərəkətlərindən əl çəkmir. Bunun müqabilində isə yəqin ki, cənab prezidentimizin də dediyi kimi, əgər İranın iştahı düşübsə, biz ona dəmir yumruğumuzu göstərə bilərik. Ancaq təbii ki, bu bizim tərəfimizdən arzuolunan və istənilən deyil. Biz qonşu dövlətlərik, orada qırx milyondan çox soydaşımız yaşayır. Biz istəyirik ki, müharibə olmasın, sülh olsun. Ancaq bunun müqabilində İranın hərəkətləri qəbulolunmazdır, dövlətlərarası normal əxlaqdan və münasibətlərdən çox uzaqdır. Buna görə İran izahat verməli, üzr istəməli və öz hərəkətlərinə aydınlıq gətirməlidir".

Nuriyyə NATİQQIZI

Chosen
128
1
redaktor.az

2Sources