Kiyev, 5 mart, AZƏRTAC
Kiyev və Moskva cümə axşamı, martın 5-də yeni əsir mübadiləsi aparıblar. İki yüz ukraynalı vətəninə qayıdıb.
Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalına istinadən xəbər verir.
Xatırladaq ki, bu il ilk əsir mübadiləsi fevralın 5-də baş tutub. O vaxt 157 ukraynalı - 150 hərbçi və yeddi mülki şəxs vətənə qayıtmışdı.
Azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, o cümlədən Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Ərazi Müdafiəsi, Desant-Hücum Qoşunları və Hərbi Hava Qüvvələrinin nümayəndələri, eləcə də Milli Qvardiya və Dövlət Sərhəd Xidmətinin döyüşçüləri də olub. Həm sıravi əsgərlər və çavuşlar, həm də zabitlər vətənə qayıdıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev