EN

Qərbi azərbaycanlıların milli geyim irsinin nadir nümunələrinin toplandığı kitab  

“Qərbi azərbaycanlıların milli geyim irsi” albom-kitabın təqdimatı olub

Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Qərbi azərbaycanlıların milli geyim irsi” albom-kitabın təqdimatı və eyniadlı sərginin açılışı olub

AZƏRTAC xəbər verir ki, tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü, həmçinin BMT tərəfindən qeyd olunan 6 Mart – Milli Geyimlər Günü münasibətilə təşkil edilib.

Görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunan yeni nəşr Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Qərbi azərbaycanlıların milli geyim irsi” layihəsi çərçivəsində hazırlanıb.

Tədbirin moderatoru Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı olub.

Tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu kimi layihələrin milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, milli geyimlər xalqın tarixini, estetik dünyagörüşünü və mədəni yaddaşını əks etdirən mühüm elementlərdən biridir.

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova çıxışında milli geyim ənənələrinin qorunmasının qadınların mədəni irsin yaşadılmasındakı rolunu da nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, bu cür təşəbbüslər milli kimliyin və tarixi yaddaşın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva isə qeyd edib ki, Qərbi Azərbaycanın mədəni irsinin tədqiqi və təqdimatı beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, bu istiqamətdə həyata keçirilən layihələr tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı bildirib ki, Qərbi Azərbaycanın maddi və mənəvi mədəni irsi Azərbaycan xalqının ümumi mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, bu irsin araşdırılması və təbliği milli yaddaşın qorunmasına xidmət edir.

Milli geyimlər üzrə etnoqraf-alim, dosent Gülzadə Abdulova layihə barədə ətraflı məlumat verərək bildirib ki, təqdim olunan geyim nümunələri müxtəlif tarixi mənbələr və rəssamların əsərləri əsasında araşdırılıb və bərpa edilib. O qeyd edib ki, məqsəd Qərbi azərbaycanlıların zəngin geyim mədəniyyətini elmi əsaslarla təqdim etmək və geniş ictimaiyyətə çatdırmaqdır.

Tədbirin davamında Qərbi azərbaycanlıların milli geyim nümunələrindən ibarət dəfilə nümayiş olunub.

Qeyd edək ki, albom-kitabda xalqımızın zəngin və qədim mədəniyyətinin ayrılmaz hissəsi olan Qərbi azərbaycanlıların milli geyim irsinin nadir nümunələri toplanıb. Burada təqdim edilən geyim nümunələrinin böyük əksəriyyəti görkəmli rəssam Mirzə Qədim İrəvaninin əsərləri, həmçinin məşhur rəssamlar Qriqori Qaqarin və Maks Tilke tərəfindən İrəvan Xan Sarayında və Üçkilsə kafedralında çəkilmiş rəsmlər əsasında hazırlanıb.

Azərbaycan və ingilis dillərində nəşr olunan albom-kitaba ilk dəfə şəxsi kolleksiyadan iki nümunə, həmçinin müəllif tərəfindən müxtəlif tarixi və informativ mənbələr əsasında bərpa edilmiş iki dəst geyim daxil edilib.

Layihənin əsas məqsədlərindən biri Qərbi azərbaycanlıların, xüsusilə də İrəvan Xan Sarayının koloritli geyim mədəniyyətini və zəngin geyim ənənələrini dünya mirasının tərkib hissəsi kimi gündəmə gətirmək, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

40-a yaxın nümunənin yer aldığı Qərbi azərbaycanlıların milli geyimlərindən ibarət sərgi martın 8-dək davam edəcək.

9Sources