EN

“CHARACTERS 2026” pyes müsabiqəsi qısa siyahını açıqlayıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 5 mart, AZƏRTAC

“CHARACTERS” müasir dramaturgiya hərəkatı Avropanın “EURODRAM” dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayıb.

Bu barədə AZƏRTAC-a festivalın kuratoru, dramaturq İsmayıl İman məlumat verib.

“Bu müsabiqə artıq ikinci dəfə keçirilir və biz müasir Azərbaycan dramaturgiyasında müəyyən tendensiyaları, eləcə də onun mümkün inkişaf istiqamətlərini müşahidə edə bilirik. 2023-cü ildən bəri “CHARACTERS” özü də transformasiya olunub - bu gün o, festivalı, dramaturgiya müsabiqəsini və öz tamaşaları olan teatrı birləşdirən bir hərəkatdır”, -deyə o bildirib.

Bildirilib ki, pyeslərin qəbulu 2025-ci il noyabrın 1-dən 2026-cı il fevralın 15-dək davam edib. Müsabiqəyə 17 müəllifdən 27 pyes qəbul olunub. Daha 3 pyes müsabiqə şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib. Müsabiqənin coğrafiyası 3 ölkəni və 7 şəhəri əhatə edib. Bakı və Gəncədən tutmuş London və Madridədək. Müəllifləri düşündürən mövzular arasında 44 günlük Vətən müharibəsi, süni intellekt, qaçış və evə qayıdış, nəsillərarası münaqişə, insan təbiətinin ikiliyi, yaddaş və unudulmuş xatirələr kimi mövzular diqqəti cəlb edir.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, sənətşünaslıq doktoru, dosent Elçin Cəfərov, YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, teatrşünas Aliyə Dadaşovadan ibarət münsiflər heyəti pyeslərlə tanış olub və qısa siyahını müəyyənləşdirib.

“CHARACTERS 2026” dramaturgiya müsabiqəsinin qısa siyahısına 7 pyes daxil edilib (müəlliflər əlifba sırası ilə göstərilib):

Abdulla Elşadlı “Çivinlər”,

Abdulla Elşadlı “_”

Şəbnəm Xeyrulla “Saat piri”

Jalə İsmayıl “Kasablanka sakinləri”

Jalə İsmayıl “Qladiator döyüşü”

Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”

Hacı Səfərov “Eyay”.

Münsiflər heyətinin üzvü Elçin Cəfərov eyib: “Maraqlıdır ki, qısa siyahıda cəmi 4 müəllif yer alıb. Onlardan üçü artıq 2024-cü ilin müsabiqəsinin qısa siyahısına düşmüşdü. Bu müəlliflərin sabitliyi sevindiricidir, lakin məncə, yeni adlara da hər zaman ehtiyac var”.

Qeyd edək ki, üç qalibin adı 10 Mart - Milli Teatr Günündə elan olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
azertag.az

3Sources